Calaqaltı və calaqüstü ayrılıqda hər biri calaq komponenti adlanır. Calaq komponentlərinin qarşılıqlı əlaqəsi bitkidə müxtəlif fizioloji proseslərin normal gedişini təmin edir. Calaqaltı torpaqdan suyu, qida maddələrini sorub, yerüstü hissəyə verməklə yanaşı bir sıra mürəkkəb fizioloji və biokimyəvi prosesləri də icra edir. Fəal köklər amin turşuları, fizioloji fəal maddələr, vitaminlər, nukleproteidlər, lipoidlər, kinetik və ona bənzər birləşmələr, alkoloidlər, üzvi birləşmələr sintez edir. Bu birləşmələr bitkinin yerüstü hissəsinə, xüsusilə zoğlara, yarpaqlara ötürülür, zülal və nuklein mübadiləsində fəal iştirak edir, ferment sisteminə təsir edir. Calaqüstü öz növbəsində fotosintez prosesinin məhsulları ilə calaqaltının normal böyüməsinə, inkişafına, fizioloji proseslərin icrasına şərait yaradır.
Calaqaltının calaqüstüyə təsiri. Calaqaltının calaqüstüyə təsiri rəngarəngdir. Eyni calaqaltıya calanmış meyvə bitkisini müxtəlif torpaq-iqlim şəraitində becərmək mümkün olmur. Buna görə də tumlu meyvə bitkilərinin normal inkişafı üçün rayonun torpaq-iqlim şəraitinə uyğun calaqaltılar seçilir (Sxem 2.2). Lakin calaqaltının təsiri ilə calaqüstüdə baş verən hallar, calaqaltının mərhələ etibarilə yetkin calaqüstüyə təsiri müvəqqəti - modifikasiya xarakteri daşıdığından, qazanılmış xüsusiyyət irsi olaraq keçmir.
Calaqüstünün calaqaltıya təsiri. Calaqüstünün calaqaltıya təsiri, yalnız calaqaltının toxumdan yetişdirildiyi halda mümkündür. Bu zaman calaqüstünün təsiri ilə calaqaltının kök sisteminin xeyli genişləndiyi, kök kütləsinin və köklərin çəkisinin xeyli artdığı müəyyən edilmişdir. Calaqüstünün təsiri ilə kökün anatomik quruluşu, fəal köklərin miqdarı, ölçüsü, kökdə gedən fizioloji proseslər dəyişir. Calaqüstünün təsiri altında calaqaltıda gedən proseslər Sxem 2.3-də verilir.