Heyva bitkisi isə calaqla yanaşı digər vegetativ artırma üsulları - çilik, basma və kök pöhrələri ilə də artırıla bilir.
2.2.1. Calaqla artırma
Toxum, bığcıq, çilik, basma, pöhrə və kolların bölünməsi ilə çoxaldılmış bitkinin özünəməxsus kökü olur. Calaqla çoxaldılmış bitkidə isə kök bir bitkiyə, yerüstü hissə isə digər bitkiyə mənsub olub onlar simbioz - müştərək həyat keçirirlər. Calaqla çoxaldılmış bitkiyə peyvənd deyilir. «Peyvənd» fars sözü olub, bənd, rabitə deməkdir. Calağa transplantasiya da deyilir. Transplantasiya latın termini olan «transplantare» sözünün dəyişdirilmiş formasıdır və onun mənası toxumaların bir yerdən başqa yerə köçürülməsi deməkdir. Burada «trans» nəqletmə, köçürmə, «plantae» bitki deməkdir.
Calaq, tumlu meyvə bitkilərinin artırılmasında böyük təsərrüfat əhəmiyyəti kəsb edən cərrahi əməliyyatdır.
2.2.2. Calaq komponentlərinin qarşılıqlı təsiri
Bir qayda olaraq calanmış meyvə bitkisi iki hissədən ibarətdir: calaq vurulmuş yerdən aşağı hissəyə calaqaltı, calaq vurulmuş yerdən yuxarı hissəyə isə calaqüstü deyilir. Calaqaltıya bir bitkini caladıqdan sonra calanmış bitkiyə ikinci bitki calanarsa bu halda ortada olan bitkiyə aralıq bitki deyilir.