2.1. Generativ (cinsi və ya toxumla ) çoxaltma
Tumlu meyvə bitkiləri əsasən iki məqsədlə - seleksiya və toxmacar calaqaltılar əldə etmək məqsədilə toxumla artırılır. Çünki əvvəldə də qeyd olunduğu kimi tumlu meyvə bitkiləri çarpaz tozlandığından əmələ gələn toxumlar heteroziqot olur. Element 2-də öyrəndiyimiz kimi tumlu meyvə bitkilərinin çiçəklərində bir ədəd dişicik, lakin bu dişiciyin beş ağızcığı olur. Bu ağızcıqların hər biri sərbəst olaraq yumurtacıqlarla birləşərək meyvənin en kəsimində 5 ədəd toxum yuvası olur (Şəkil 2.1). Hər yuvada isə cinslərdən asılı olaraq müxtəlif sayda toxum olur. Bu səbəbdən də hətta bir meyvə daxilində əmələ gəlmiş toxumlar müxtəlif irsiyyətli olur.
Eyni zamanda qeyd etmək lazımdır ki, calaqaltı yetişdirmək məqsədilə də toxumla çoxaltma əksər vaxt istənilən nəticəni vermir. Buna səbəb toxumlardan müxtəlif anatomik və morfoloji əlamətlərə malik bitkilər əmələ gəlməsidir. Müvafiq olaraq müxtəlif xarakterli quruluşa malik toxmacarlarla vahid anatomik quruluşlu calaqüstü (sort) heç də bütün hallarda normal anatomik və fizioloji uyğunluğa malik olmur. Bu uyğunsuzluq adətən ağaclar bağa əkildikdən sonra büruzə verdiyindən onu aradan qaldırmaq mümkün olmur. Nəticədə anatomik və fizioloji sığışmazlıq səbəbindən ağaclar məhv olur, bağlarda kütləvi seyrəlmə baş verir.
Bu halın qarşısını almaq məqsədilə sabit anatomik quruluşa malik toxmacar vermək imkanı olan növ və ya sortlar seçilməli, yaxud da vegetativ artırılan (klon) calaqaltılardan istifadə edilməlidir.
2.2. Vegetativ artırma
Qeyd olunduğu kimi tumlu meyvə bitkiləri, sortun dəyərli bioloji xüsusiyyətlərinin və qiymətli təsərrüfat göstəricilərinin qorunub saxlanaraq növbəti nəsilə ötürülməsi üçün vegetativ üsulla artırılır. Bu baxımdan vegetativ artırmanın əsas xüsusiyyətləri Sxem 2.1-də verilir.
Tumlu meyvə bitkiləri vegetativ artırılma xüsusiyyətlərinə görə fərqlidir. Belə ki, alma, armud və əzgil bitkiləri gövdədə və yaxud zoğda əlavə kök əmələ gətirmək xüsusiyyətinə malik deyil. Eyni zamanda onların kök pöhrəsi vermək xüsusiyyəti də olmadığından ancaq calaq üsulu ilə artırılır.