Mis. Zülalların və karbohidratların sintezində, fotosintez və tənəffüs proseslərində iştirak edir, bitkilərin göbələk xəstəliklərinə qarşı davamlılığını artırır.
Torpağa həddindən çox fosfor gübrəsi verildikdə mis çatışmazlığı yaranır. Eyni zamanda yüksək humuslu torpaqlarda, yaxud torpağa həddindən artıq humuslu gübrələr verildikdə mis çatışmazlığı müşahidə olunur.
Mis çatışmadıqda köklərin böyüməsi zəifləyir, çiçəyin saplağı quruyur, zoğun uc nöqtəsi məhv olur. Yarpaqlar turqor vəziyyətini itirir və əyilir. Bu zaman yarpaqlarda ağ rəngli ləkələr əmələ gəlir (Şəkil 1.36). Zoğun uc hissəsində yerləşən yarpaqlar solğun rəngli və iri olur.
Mis ifrat dərəcədə olduqda bitki inkişafdan qalır, yarpaqlarda qonur rəngli ləkələr əmələ gəlir və onlar quruyur. Bu özünü ilk növbədə yaşlı yarpaqlarda göstərir.
Sink. Bu element fermentlərin tərkibinə daxil olmaqla bitkilərdə oksidləşmə-reduksiya reaksiyalarında, fosforun, karbohidratların və zulalların mübadiləsində iştirak edir.
Sink çatışmadıqda buğumaraları qısalır, yarpaqlar kiçilir, xloroz, nekroz xəstəlikləri baş verir, yarpaqlar vaxtından əvvəl tökülür. Sink çatışmazlığı ilk növbədə aşağı və orta yaruslarda yerləşən yarpaqlarda özünü göstərir (Şəkil 1.37 və Şəkil 1.38). Sonra isə bütün bitki boyu yarpaqlarda özünü büruzə verir. Bu zaman yarpaqlarda bözumtul-qəhvəyi rəngli ləkələr əmələ gəlir. Ləkələr olan hissələr quruyaraq yarpaq məhv olur. Cavan yarpaqlar qeyri-normal və xırda olur, zaman keçdikcə üzəri sarı rəngli ləklərlə örtülür, azacıq şaquli vəziyyət alır, kənarları yuxarıya doğru qıvrılır. Hətta yarpaq saplağında və gövdədə də ləkələr müşahidə olunur. Buğumaraları qısalır. Kök sistemi zəif inkişaf edir və qonurlaşır.