Fosfor. Fosfor mürəkkəb zülalın tərkibinə daxil olub, bitkidə bir sıra fizioloji prosesləri sürətləndirir. Fosforun iştirakı olmadan nişasta şəkərə çevrilmir. Bitkidə təminedici miqdarda fosforun olması vegetasiya dövrünün vaxtında başa çatmasına və bitkinin qışa hazır olmasına şərait yaradır. Fosforun çatışmazlığı nəticəsində zoğun və yarpağın böyüməsi zəifləyir, çiçək tumurcuqları normal inkişaf etmir, yarpaqlarda bənövşəyi və qırmızı ləkələr əmələ gəlir (Şəkil 1.25). Gövdə, budaq və skelet köklərdə fosforun miqdarı az, yarpaq, meyvə budaqcıqları və meyvədə isə çox olur.
Fosfor ifrat dərəcədə olduqda bitkidə ümumi saralma baş verir, nekrotik ləkələr əmələ gəlir, yarpaqlar tökülür. Bitki sürətlə inkişaf edərək tez qocalır. Fosforun həddindən artıq olması bitkilərin rütubət çatışmazlığına həssaslığını artırır.
Kalium. Kalium bitkinin başlıca üzvi maddələrinin tərkibinə daxil olmasada o, bitkidə karbohidratların hərəkətində, karbon qazının mənimsənilməsində fəal rol oynayır. Bitkidə olan kaliumun çox hissəsi yarpaqda, meyvə budaqcıqları və meyvələrdə olur. Bitkidə kaliumun iştirakı ilə zülalın əmələ gəlməsi sürətlənir, maddələr mübadiləsi yaxşılaşır, bitkinin şaxtaya davamlılığı yüksəlir. Onun çatışmazlığı nəticəsində isə bitkinin şaxtaya davamlılığı azalır, yarpaqların kənarları quruyur, yarpaq tökülür, nişasta və şəkərin miqdarı azalır,üzvi maddələrin yarpaqlardan budağa hərəkəti ləngiyir (Şəkil 1.26).
Kalium çatışmazlığı zamanı bitkidə azot aclığı da baş verir.
Buna görə də sonrakı mərhələdə yarpaqlarda azot çatışmazlığı da müşahidə olunur (Şəkil 1.27).
Kalium ifrat dərəcədə olduqda bitki stressə düşür, yarpaqlar tünd yaşıl rəng alır və xırda olur. Bu zaman kalsium, mis, bor, sink və digər elementlərin mənimsənilməsi prosesi pozulur.