Bu elementlərdən bu və ya digəririnin çatışmazlığı və yaxud ifrat dərəcədə olması zamanı bitki pis böyüyür, məhsuldarlığı və meyvələrin keyfiyyəti aşağı düşür. Element çatışmazlığı zamanı ilk növbədə yarpaqlarda saralma müşahidə olunur. Bu Sxem 1.4-də daha aydın göstərilir.
Azot. Azot zülalın, nuklein turşularının, fosfatidlərin və digər birləşmələrin tərkibinə daxil olmaqla bitkilərin həyatında mühüm rola malikdir. Azota tələbat zoğların güclü böyüməsi və meyvələrin formalaşması fazalarında daha da artır. Azot çatışmadıqda zoğların və köklərin böyüməsi zəifləyir, yarpaqlar solğun olur, bəzən vegetasiya dövründə saralaraq tökülür, meyvələri pis yetişir və sortaməxsus normal rəng ala bimir. Azot çatışmazlığı zamanı saralma aşağı yarpaqlardan başlayır (Şəkil 1.24).
Azot ifrat dərəcədə olduqda isə meyvələrin həcmi artır, dadı, rəngi pisləşir, saxlanmaya davamlılığı azalır, zoğlar sürətlə böyüyərək oduncaq yetişə bilmir və nəticədə bitkinin şaxtayadavamlılığı aşağı düşür. Yarpaqlar tünd yaşıl rəngli, həddindən böyük və qabarıq olmaqla zoğların təpə hissəsi qıvrılır.