Alma üçün münbit, yaxşı su və hava keçirmə qabiliyyətinə malik, qranulometrik tərkibinə görə gilli və gillicəli torpaqlar daha əlverişli sayılır. Ümumilikdə isə alma bağları salmaq üçün münasib olan torpaq tipləri Sxem 1.3-də verilir.
Alma bağları üçün torpağın konkret olaraq tələb olunan əsas göstəriciləri aşağıda verilir: köklərin 90...95 %-nin yerləşdiyi qatın qalınlığı 1,6-2,0 m təşkil etməlidir; humus qatı (A + B) 60-70 sm-dən az olmamalıdır; torpağın sıxlığı 1,3-1,4 q/sm3; humusun miqdarı 2,5 %; karbonatların miqdarı 2-4 %-ə qədər olmalı; torpaqda pH 6,5-7,5; həll olan duzların miqdarı 0,10 %-ə qədər; qrunt suları torpaq səthindən 1,5 m dərinlikdə yerləşməlidir.
Armud bitkisi torpağa nisbətən az tələbkardır. Lakin qumsal çınqıllı torpaqlarda normal böyüyüb inkişaf edə bilmir. Əlverişli olmayan, qida elemnetləri çatışmayan torpaqlarda meyvələrin dad və keyfiyyət göstəriciləri aşağı düşür, tərkibində şəkərin miqdarı azalır, lətin qranulometrik tərkibi pisləşir.
Heyva və əzgil üçün dərin, qida maddələri ilə zəngin və əhəngli torpaqlar əlverişli sayılır. Lakin əzgil bitkisi quru və zəif münbit torpaqlarda da bitir.
Bitki üçün qidalı maddələrin əhəmiyyəti böyükdür. Kaliumdan başqa qeyd olunan bütün elementlər canlı hüceyrələrin üzvi maddələrinin tərkibinə daxil olub, maddələr mübadiləsinə, biokimyəvi proseslərin sürətlənməsinə, üzvi maddələrin əmələ gəlməsinə və hərəkətinə kömək edir. Bitkinin orqan və müxtəlif hissələri qida maddələrinə müxtəlif tələb göstərir. Belə ki, yarpaqların normal böyüməsi üçün kalsium, maqnezium, xüsusilə azot tələb olunduğu halda, meyvələrin normal böyüməsi üçün fosfor və kaliuma tələbat daha yüksək olur.
Qida maddələrinin çatışmazlığı və həddindən artıq olması bitkilərdə müxtəlif fəsadlara səbəb olur. Qida maddələri makroelementlər və mikroelementlər olmaqla iki yerə ayrılır. Makroelementlərə azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd və dəmir daxildir. Mikroelementlərə isə bor, manqan, mis, sinq və d. daxildir.
Ümumilikdə meyvə bitkiləri torpaqdan 74-dən çox kimyəvi element mənimsəyir ki, onlardan 16-sı daha vacib həyati əhəmiyyət kəsb edir: karbon, oksigen, hidrogen, azot, fosfor, kalium, kalsium, maqnezium,kükürd, dəmir, bor, manqan, mis, sink, molibden və kobalt.