Tumlu meyvə bitkilərini küləyin ziyanverici təsirindən mühafizə etmək məqsədilə bağın ətrafında qoruyucu zolaq, daxilində isə külək qırıcı xətt yaratmaq lazımdır. Lakin bağda havanın normal cərəyanı üçün qoruyucu zolaqları tam qapalı yox, arada boşluqlar qoyulmaqla yaradılmalıdır.
1.2.2. Torpaq
Tumlu meyvə bitkiləri çoxillik olmaqla onlar əkildikləri sahədə uzun illər yaşayaraq məhsul verir. Bu bitkilərin normal böyüməsi, inkişafı, uzun müddət həyat fəaliyyəti göstərərək bol məhsul verməsi və məhsulun keyfiyyəti torpağın xüsusiyyətindən birbaşa asılıdır. Bitkinin yerüstü sisteminin böyümə və inkişafında kök sistemi mühüm rol oynayır. Bitki ona uyğun olmayan torpaqda normal böyüyə bilmədiyindən məhv olur. Tumlu meyvə bitkilərinin torpağa olan münasibəti onun cins, sort xüsusiyyəti və calaqaltının tipindən asılı olaraq dəyişir. Torpaq bitkinin tələbatına uyğun olarsa, onun kök sistemi dərinlərə və ətrafa işləyir, yerüstü hissəni qida maddələri və su ilə normal təmin edir. Belə şəraitdə becərilən bitki uzun ömürlü olub, bol və yüksək keyfiyyətli məhsul verir. Bitkinin böyümə və inkişafı üçün əlverişli olmayan torpaq tiplərində becərilən bitkinin kök sistemi normal inkişaf edə bilmədiyindən o, yerüstü hissəni su və qida maddələri ilə normal təmin edə bilmir. Belə şəraitdə olan bitki az və keyfiyyətsiz məhsul verərək qısa ömürlü olur.
Suyu və havanı zəif keçirən torpaqlarda kök sisteminin inkişafı məhdud olur. Belə nəm və sıx torpaqların aşağı qatlarında bəzən oksigen çatışmazlığı və karbon qazının ifratı baş verir. Bu hal torpağın əksər hissəsində oksigenin mövcudluğu zamanı da baş verə bilər. Çünki pis havakeçirmə nəticəsində rizosferada (kök mühitində) oksigenin hərəkəti zəifləyir. Belə şəraitdə kök çürüməsi və boyun durğunluğu baş verir ki, bu da bitkinin məhvinə səbəb olur.
Torpağın yüksək sıxlığı (həcmi çəki) əksər hallarda bitkiyə mənfi təsir göstərir. Müəyyən olunmuşdur ki, alma və armud torpaq sıxlığı 1,6-1,7 sm3 olduqda inkişaf edə bilmir. Torpağın tərkibində olan müxtəlif kimyəvi maddələrə və torpaq məhlulunun qatılığına meyvə bitkilərinin münasibətləri, onların bioloji xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur. Tumlu meyvə bitkilərinin həyatında torpaq məhlulundakı hidrogen ionlarının qatılığının (pH) da rolu böyükdür. Torpaq bu baxımdan neytral, turş və qələvi mühitə malik olur.
Turş torpaqlarda karbonatlar asanlıqla yuyulur ki, bunun da nəticəsində torpağın fiziki xüsusiyyəti pisləşir, strukturluğu pozulur, azotobakterlərin, nitrifıkatların və digər xeyirli mikroorqanizmlərin fəaliyyəti zəifləyir, kök sisteminin böyümə və inkişafına mənfi təsir edən göbələklərin miqdarı və fəaliyyəti artır. Bu şəraitdə becərilən bitkinin normal böyümə və inkişafı məqsədilə torpağı əhəngləyirlər. Tumlu meyvə bitkiləri özlərinin filogenetik inkişafları dövründə müəyyən torpaq tipinə və torpaq məhlulu mühitinə alışmışlar. Bunun nəticəsidir ki, alma və armud turş, qələvi və neytral torpaqlarda normal bitir. Tumlu meyvə bitkilərinin müxtəlif mühitli torpaq tiplərində bitə bilməsi bitkinin cins, növ, sort xüsusiyyətindən və calaqaltının tipindən asılıdır.
Tərkibində natrium olan şorakətli torpaqlarda alma və armud normal bitmir. Udulmuş natrium 10 %-dən artıq olmayan şəraitdə alma, armud, 15-20 %-dən artıq olmayan şəraitdə isə heyva normal bitir. Alma və armud duza nisbətən davamlıdır.