Karbon qazı köklərin tənəffüsü və torpaqda olan mikroorqanizmlərin fəaliyyəti sayəsində üzvi birləşmələrin parçalanıb minerallaşması prosesində əmələ gələn məhsuldur. Bağı suvararkən havaya qalxmış karbon qazından bitki fotosintez prosesi üçün istifadə edir. Havada karbon qazının həddindən çoxluğu yarpaqda ağızcıqların bağlanmasına, bu isə öz növbəsində bitkidə rütubətin buxarlanmasının aşağı düşməsinə və quru maddənin miqdarının azalmasına səbəb olur.
Havada karbon qazının çatışmazlığı nəticəsində bitkidə fotosintez prosesi zəifləyir. Bitkinin karbon qazına olan ehtiyacını bağa saman, peyin vermək, sideral bitkilərdən istifadə etməklə də qismən ödəmək olur. Bu üzvi gübrələr minerallaşaraq havanı karbon qazı ilə zənginləşdirir. Havanın bitki üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bağ salarkən normal hava cərəyanına malik sahələr seçilməlidir.
Bitkinin yerüstü və yeraltı hissələrinin normal böyüməsində əsas rol oynayan oksigen tənəffüsü nizamlayır.
Ağır gilli torpaqda suyun çoxluğu havanın cərəyanına imkan vermir. Belə şəraitdə becərilən bitki oksigen çatışmazlığından normal tənəffüs apara bilmir, ona görə də fizioloji proseslər zəifləyir, sorucu köklərin miqdarı azalır, kök sisteminin həcmi kiçilir. Ağır torpaqlarda erkən yazda oksigen az olur. Lakin yay müddətində torpaqda rütubətin təminedici dərəcədə olması və temperaturun yüksəkliyi oksigen və karbon qazının çoxalmasına şərait yaradır. Ağır torpaqlarda havanın normal cərəyan edib, bitkini oksigenlə, karbon qazı ilə təmini üçün ona qum və üzvi gübrələr qarışdırılır, torpaq payızda dərin şumlanır, vegetasiya dövründə sahənin torpağı yumşaldılır, alaq otlarından təmizlənir.
Külək. Bitkinin həyatında külək də əhəmiyyət kəsb edən amildir. O, bitki üçün bir halda çox xeyirli olsa da, digər halda çox ziyandır. Külək əsməyən şəraitdə havanın nisbi rütubətliliyi artaraq göbələk xəstəliklərinin yayılmasına səbəb olur. Belə şəraitdə soyuq hava toplanaraq kənara çıxa bilmədiyindən bitkinin müəyyən hissəsinə ziyan vurur. Hava cərəyan etməyən şəraitdə bitki karbon qazı və havanın tərkibində olan digər elementlərlə tələb olunan səviyyədə təmin olunmur.
Şiddətli külək yağmış qarı sovurur, torpaqda olan rütubəti buxarlandırır, qaysaq əmələ gətirir, budaqları, zoğu, yarpaqları qırır, çiçək və meyvələri tökür, dişiciyin ağızcığını qurudaraq, onun tozcuqları qəbul etməsinə, çiçəklərin tozlanmasında iştirak edən həşəratların uçmasına mane olur. Meyvələr yetişən dövrdə sürəti 10 m/san olan külək ağacdan meyvələri tökür. Şiddətli əsən külək bitkidə transpirasiya prosesinin şiddətlənməsinə, cavan yarpaqların qurumasına, bitkiyə daxil olan suyun azalmasına səbəb olur. Bu vəziyyətdə olan bitki solur, quruyur, çox şiddətli əsən külək bəzən ağacı kökü ilə birlikdə torpaqdan çıxarır, əksər hallarda isə onu əyərək birtərəfli böyüməsinə səbəb olur. Soyuq şimal və quru şərq küləkləri meyvə bitkisi üçün daha qorxuludur. Küləyin təsirindən torpaqda və bitkidə olan rütubət buxarlandığından bitkinin şaxtaya davamlılığı azalır. Maili yerlərdə hava drenajı üçün şərait əlverişli olduğundan meyvə ağacı gümrah böyüyür, əsən mülayim külək havanın nisbi rütubətliliyini artıraraq bitki üçün normal şərait yaradır.
Küləyin meyvə bitkilərinin böyümə və inkişafında böyük rol oynadığını nəzərə alaraq, bağ salarkən birinci növbədə hakim küləklərdən mühafizəli və havanın cərəyan etməsinə imkan verən ərazi seçilməlidir.