Diaqramdan göründüyü kimi, vegetasiya dövründə fəal temperatur cəmi almanın yaylıq sortları üçün 1900 °C, payızlıq sortları üçün 2200 °C, qışlıq sortları üçün isə 2300 °C; armudun yaylıq sortları üçün 2400 °C, payızlıq sortları üçün 2600 °C, qışlıq sortları üçün isə 3000 °C təşkil edir.
Nisbi sükunət dövrü uzun olan bitkilər şaxtaya davamlı olur. Payızda əlverişli şəraitdə bitkidə toxumaların möhkəmlənməsi nəticəsində onlarda şaxtaya davamlılıq xüsusiyyəti əmələ gəlir. Burada bitkinin toxumaları bir fizioloji vəziyyətdən digər fizioloji vəziyyətə keçir. Odur ki, bitki şaxtaya davamlı olur. Tumlu meyvə bitkilərinin şaxtadan məhv olmalarının səbəbi onların toxumalarında buzun əmələ gəlməsidir. Buz həm hüceyrə arasında, həm də bitkinin hüceyrəsində kristal halında ola bilir. Əmələ gəlmiş buz protoplazmaya təzyiq edərək, onun suyunu çəkir və xarici pərdəni zədələyərək hüceyrələri məhv edir.
Bitkinin şaxtaya davamlılıq dərəcəsi onun filogenetik inkişaf tarixindən çox asılıdır. Məsələn, bitkinin kökləri həmişə torpaqla örtülü yerdə olduqlarından onlar şaxtaya davamsızdır. Həmin bitkinin yerüstü hissəsi həmişə açıqda, mühafizəsiz yerdə olduğundan o şaxtalara davamlılıq xüsusiyyəti qazanmışdır. Torpaq səthinə yaxında yerləşən köklər şaxtaya davamsız olur. Məsələn, alma bitkisinin növündən asılı olaraq onun yerüstü hissəsi nisbi sükunət dövründə 32…50 °C-dək şaxtaya davam gətirdiyi halda, onun kökləri 7...12 °C şaxtaya davam gətirir. Vegetasiyaya başlamış köklər 3 °C şaxtada donur. Bitkinin eyni bir orqanının şaxtaya davamlılıq dərəcəsi onun fenofazalarından da xeyli asılıdır. Belə ki, alma ağacının cavan zoğları vegetasiya dövründə 3 °C şaxtada məhv olduğu halda, həmin zoğ qışa tam hazırlıq gördükdən sonra 30...40 °C şaxtaya davam gətirir. Eyni bir orqanın ayrı-ayrı hissələrinin şaxtaya münasibəti müxtəlif olur. Məsələn, çiçəyin erkəkcikləri 20...22 °C şaxtaya davam gətirdiyi halda, dişicik 1...2 °C şaxtada məhv olur (Cədvəl 1.2).
Bitkinin qışa hazırlıq aparması prosesində maddələr mübadiləsinin başa çatması və dayanması əsas şərtlərdən biridir.
Bitkinin orqanları | Temperatur, °C |
Çiçək tumurcuqları | -33...-35 |
Qönçələr | -4 |
Açılmış çiçəkləri | -2 |
Yeni əmələ gəlmiş meyvəciklər | -1,5 |
Kökləri | -7...-12 |
Cədvəl 1.2. Alma bitkisinin müxtəlif orqanlarının şaxtaya davamlılığı
Bitki nüsbi sükunət dövrünə keçərkən, hüceyrədə lipoidlərin, yəni yağabənzər maddələrin əmələ gəlməsi sürətlənir. Əmələ gəlmiş lipoidlər protoplazmanın üzərini örtərək, hüceyrələri donmaqdan mühafizə edir.
Hava. Hava tumlu meyvə bitkiləri üçün vacib amildir. Havanın daim hərəkəti digər amillərin də, xüsusilə havanın nisbi rütibətliliyinin və temperatur şəraitinin bitki üçün normal hala salınmasına imkan yaradır. Hava bitkinin yerüstü hissəsinin böyümə və inkişafında böyük əhəmiyyətə malikdir. Oksigenin iştirakı bitkidə tənəffüs prosesini tənzimləyir. Havadan fərqli olaraq torpaqda oksigenin miqdarı azdır. Üzvi maddələrin sintezində karbon qazının iştirakı vacibdir.