Alma. İşığa nisbətən yüksək tələbkar bitkidir. Yaxşı işıqlanma şəraitində meyvələr sortaməxsus dad və əmtəəlik keyfiyyətə malik olmaqla nəqliyyata və saxlanmaya daha davamlı olur.
Armud. İşıqsevən bitkidir. Xüsusilə çiçəkləmə və meyvələrin formalaşması fenofazalarında işığa daha tələbkar olur.
Heyva. İşığa tələbkar bitkidir.
Əzgil. İşığa tələbkar bitkidir, lakin kölgəyə də davamlıdır. Becərilmək üçün işıqla yaxşı təmin olunmuş ərazilər daha əlverişlidir.
Tumlu meyvə bitkilərindən hər il yüksək və davamlı məhsul əldə etmək üçün çətirin normal işıqlanması prosesi nizamlanmalıdır. Bunun üçün bağlarda daxili yaxşı işıqalanan kiçik həcmli çətir formaları yaradılmalıdır. Eyni zamanda ağaclara optimal qida sahəsi verilməklə onlar sahədə düzgün yerləşdirilməlidir.
Temperatur. Tumlu meyvə bitkilərinin həyatında zəruri amillərdən biridir. Köklərin torpaqdan suyu və suda həll olmuş maddələri sorması, maddələr mübadiləsi, bitkidə gedən biokimyəvi və fizioloji proseslər, bütün fenoloji fazalar istilik sayəsində baş verir. Torpaqda mikroorqanizmlərin fəaliyyəti, üzvi maddəlrin minerallaşması istiliklə bağlıdır. Bitkinin böyümə və inkişafı üçün torpaqda və havada müəyyən istilik olmalıdır. Hər bitki növünün və sortunun müxtəlif fenofazalarında müəyyən istilik tələb olunur. Eyni bitkinin müxtəlif hissələrinin istiliyə müxtəlif olur. Məsələn, +2…+4°C istilikdə köklərdə vegetasiya başladığı halda, həmin bitkinin çiçək tumurcuqları havada istilik +8 °C-dən yüksək olanda açılır, çiçək tumurcuqlarının əmələ gəlməsi və onların differensiasiyası isə havada istilik +15 °C-dən yüksək olduqda baş veir. Ümumiyyətlə meyvə bitkilərinin kökləri torpaqda temperatur +18…+23°C olduqda normal böyüyür. Temperatur +25…+30 °C olduqda onların böyüməsi ləng gedir, +30 °C-dən yüksək olduqda isə köklərin böyümə və inkişafı dayanır.
Alma və armud sortlarının yetişmə vaxtından asılı olaraq vegetasiya dövründə tələb olunan fəal temperatur cəmi Diaqram 1.1-də verilir.