Torpaqda suyun azlığı və ya çoxluğu bitkiyə mənfi təsir edir. Su az olarsa bitkinin vegetativ boyu zəifləyir, çiçək tumurcuqlarının miqdarı azalır, əmələ gəlmiş yarpaqlar, çiçəklər və ya meyvələr normal böyüyə bilmədiyindən tökülür. Fəal köklərin sayı kəskin surətdə azalır və onların ömrü qısalır. Vegetasiya dövründə su ilə təmin olunmamış bitki şaxtaya davamsız olur.
Rütubətin çatışmazlığının bitkiyə təsiri Sxem 1.2-də verilir. Yaz dövründə rütubətin çatışmazlığı ilə yanaşı temperaturun da getdikcə artması bitkiyə olduqca mənfi təsir göstərir və o stressə düşür.
Ümumiyyətlə klon calaqaltılar üzərində alma sortları rütubət çatışmazlığına daha həssas olurlar. Almanın payızlıq və qışlıq sortları ilə müqayisədə yaylıq sortları rütubət çatışmazlığına daha davamlıdır.
Rütubətin çatışmazlığı kimi, ifrat dərəcədə olması da bitkilərin böyümə və inkişafına mənfi təsir göstərir. Belə ki, torpaqda nəmlik tarla su tutumunun 75 %-dən çox olduqda meyvələrdə fizioloji xəstəliklər baş verir, onların əmtəəlik və dad keyfiyyətləri pisləşir, həmçinin saxlanmaya davamlılığı aşağı düşür. Bu zaman göbələk xəstəlikləri geniş yayılır, meyvələr çatlayır,vegetasiyadövrü uzanır, toxumalar yaşlanır. Əgər bu proses uzun müddət davam edərsə bitki məhv olur.
Torpaqda nəmliyin ifrat dərəcədə olması qrunt sularının torpaq səthinə yaxında yerləşməsi səbəbindən də ola bilər.Calaqaltının tipindən asılı olaraq qrunt suları torpaq səthindən 1,5-2,5 m dərində yerləşməlidir. Torpaqda rütubət ifrat həddə çatarsa bu zaman köklər yerləşən zonada oksigenin miqdarı 10 %-dən aşağı olmamalıdır.