Bitkinin böyümə və inkişafında həlledici əhəmiyyətə malik olan amillər onlara təklikdə yox, kompleks surətdə təsir edir. Bitkiyə bir amilin təsir etməsi üçün digər amil də olmalıdır. Məsələn, bitkinin torpaqda olan qida maddələrindən istifadə edə bilməsi üçün torpaqda müəyyən dərəcədə istilik və rütubət olmalıdır. Bu və ya digər amilin çatışmazlığı, yaxud ifrat dərəcədə olması bitkinin normal böyüməsinə və inkişafına mane olur.
1.2.1. İqlim
Rütubət. Su, tumlu meyvə bitkilərinin böyümə və inkişafında həlledici rol oynayır. Su, qida maddələrinin torpaqdan köklərə və gövdəyə ötürülməsi, bitkinin daxilində əmələ gələn üzvi maddələrin bitkinin bütün hissələrinə paylanması üçün vasitədir.
Tumlu meyvə bitkilərinin rütubətə tələbatı onların cins, növ, sort xüsusiyyətindən, torpaq tipindən, mühit şəraitindən, ağacın yaşından və calaqaltıdan asılıdır. Rütubətə olan münasibətinə görə tumlu meyvə bitkilərindən alma, armud mezofit (yunan dilində “mesos” - orta, “fito” - bitki deməkdir) bitkilər qrupuna daxil olmaqla rütubətə orta tələbkardır. Heyva isə hiqrofit (yunan dilində “hihros” - rütubət, “fito” - bitki deməkdir) bitkilər qrupuna daxil olmaqla rütubətə yüksək tələbkardır.
Alma. Bu bitki havanın nisbi nəmliyinə və torpaqda rütubətə tələbkar bitkidir. İllik atmosfer çöküntülərinin miqdarı 700 mm olan və fəsillər arasında bərabər paylanan bölgələrdə alma bitkisi müvəffəqiyyətlə becərilir. Bu zaman torpaqda nəmlik ART-nin 75 % və havanın nisbi nəmliyi 70-80 % olmalıdır.
Digər bağ tipləri ilə müqayisədə superintensiv bağlarda alma bitkisi rütubətə daha yüksək tələbat göstərir. Çünki belə bağlarda calaqaltı olaraq gödək boylu klon calaqaltılardan istifadə olunur ki, onlar da səthi kök sistemi əmələ gətirir.
Orta hesabla 1 sent alma məhsulu üçün 50 m3-dən çox su tələb olunur. Erkən yazda ağacların çiçəkləməsi, yerüstü və yeraltı sistemdə sürətlə böyüməsi ilə əlaqədar bitki rütubətə daha yüksək tələbat göstərir.