Meyvələrin çeşidlənməsi, kalibrləşdirilməsi və qablaşdırılması. Yığılmış meyvələr dərhal meyvə saxlayıcılarına daşınır və əmtəəlik işlənmə üçün təhvil verilir. Açıq havada 20-25 °C temperaturda meyvələr tez yetişdiyindən onlar saxlanma dövrünü 10-15 gün qısalda bilir. Ona görə də payızlıq-qışlıq sortların meyvələri, həmin gün çeşidlənməyəcəksə onlar, çeşidlənənə qədər soyuduculara yığılmalıdır. Əgər soyuducu yoxdursa meyvələr talvar altında, sərin yerdə saxlanmalıdır.
Çeşidləmə. Çeşidləmə, hər meyvə bitkisi üzrə sortların meyvələrinin keyfiyyət göstə-ricilərinə əsasən aparılır. Mövcud standartlara əsasən meyvələr birinci, ikinci çeşidə və qeyri-standart çeşidə ayrılır. Çeşidləmə zamanı meyvənin keyfiyyəti ilk növbədə onun sorta məxsus forma və rənginə, yetişmə dərəcəsinə, mexaniki və ya xəstəlik və zərərvericilərdən aldığı zədələrə görə müəyyənləşdirilir.
Birinci çeşid alma meyvələri sorta məxsus düzgün formaya və rəngə malik olmaqla, diametri 45...50 mm olmalıdır. Belə meyvələrdə 1...3 ədəd uzunburun və ya yastıca zədəsi izinin olması mümkündür.
İkinci çeşid meyvələr düzgün olmayan formada, meyvə saplağı qırılmış və meyvələrin diametri 35...40 mm ola bilər. Meyvələrdə yüngül batıq, dörd ədəddən çox olmayaraq dolu, xəstəlik və zərərverici zədəsinə yol verilir.
İkinci çeşidin tələblərinə cavab verməyən meyvələr qeyri-standart çeşidə aid edilir.
Son vaxtlar meyvələrin çeşidlənməsi üçün mexanikləşdirilmiş axım xətlərindən istifadə edilir (Şəkil 7.7).
Əl ilə çeşidlənmiş meyvələr, onların qablaşdırılması işini asanlaşdırmaq məqsədilə, kalibrləşdirilir. Kalibrləşdirmə əmtəə çeşidi daxilində meyvələrin ölçülərinə və ya kütləsinə görə paylanmasıdır. Meyvələrin həcmindən və kütləsindən asılı olaraq, onların yeyilmə yetkinliyinə çatması vaxtı da dəyişdiyindən bu əməliyyat vacib praktik əhəmiyyətə malikdir. Adətən iri meyvələrlə müqayisədə orta ölçülü meyvələr saxlanma üçün daha əlverişlidir.
Tumlu meyvə bitkiləri üçün sortlardan asılı olaraq meyvələrin 5...8 tipdə kalibri müəyyənləşdirilib. Eyni kalibrdən olan meyvələrin biri-birindən fərqi diametrinə görə 5 mm-dən, kütləsinə görə isə 20...25 q-dan artıq olmamalıdır. Kalibrlərin sırası ən iri meyvələrdən başlayır.