Meyvələr əsasən yağışsız havada yığılmalıdır. Yığım, çətrin aşağı hissəsində, kənardan başlayır, mərkəzə və yuxarıya doğru davam etdirilir. Alma və armud meyvələri dərilərkən, meyvə ovcun içərisinə alınır və baş barmaqla saplaq sıxılaraq, meyvə əks istiqamətə, özünə tərəf çəkilir. Bu zaman meyvəni dartmağa və ya burmağa yol verilməməlidir (Şəkil 7.4).
Yığılmış meyvələr qabaqca meyvə çantasına və ya səbətlərə yığılır. Sonra isə buradan konteynerlərə boşaldılır. Belə konteynerlər yükünü özü boşaldan PТ-3,5 və VUK-3 platformasına yüklənir. Traktora qoşulmuş belə platformalar cərgəarası ilə hərəkət edir. Dolmuş platformalar, məhsulu boşaltmaq üçün meyvə saxlayıcı anbarlara göndərilir.
İntensiv tipli bağlarda meyvələr müxtəlif markalı hərəkətedici platformalardan istifadə edilərək yığılır (Şəkil 7.5).
Fəhlələr belə platformalar üzərində duraraq meyvələri, ağacın müxtəlif hündürlüyündən üfüqi zolaqlar üzrə yığırlar. Hər fəhlənin işçi zolağı olur və bu zolaqdan yığılmış meyvə onun nömrəsini daşıyan yeşiklərə yığılır. Platforma hərəkətedici olduğundan, fəhlə ağacdan meyvəni xüsusi diqqət və səylə yığmalıdır. Eyni vəziyyətdə meyvələr, 3...4 nəfərlik manqalarla, konteynerlərə də yığıla bilər. Bu zaman platformaya, əlavə siyirtmə meydançası qoşulur və hər iki cərgədən meyvə yığmaq imkanı yaranır. Bu mütərəqqi üsulun tətbiqi yığımı xeyli sürətləndirir və əmək məhsuldarlığını artırır.
Məhsul emal üçün istifadə ediləcəksə, yığımı mexanikləşdirmək olar. Bu məqsədlə, müxtəliftipli silkələyici qurğulardan istifadə edilir. Yerə tökülmüş meyvələr müxtəlif markalı maşınların köməyi ilə yığılır (Şəkil 7.6).