İstehlak yetişkənliyi meyvələrin yüksək dad keyfiyyətlərini tam formalaşdırdığı dövrdə baş verir və yeməyə yararlı olur.
Yığım yetişkənliyinə çatmış meyvələrdə meyvə saplağı budaqcıqdan asanlıqla ayrılır. Yayda yetişən cins və sortlarda yığım və istehlak yetişkənliyi əsasən bir vaxta düşür.
Payızlıq sortlarda yığım yetişkənliyindən istehlak yetişkənliyinə qədər olan vaxt 2...6 həftə, qışlıq sortlarda isə 1,5...6 ay təşkil edir.
Müəyyən olunub ki, meyvələr inkişaflarının son mərhələsində güclü böyüyərək, gündəlik artımı cəmi çəkidən 0,5...5 %-ə qədər çatdırırlar. Bu, xüsusən şaftalı meyvəsində daha bariz şəkildə (2...5 %) nəzərə çarpır.
Ona görə də meyvələrin yığım vaxtı dəqiq müəyyənləşdirilməlidir ki, meyvələrin tökülməsinə yol verilməsin. Bu məsələ xüsusən payızlıq və qışlıq sortlar üçün çox vacibdir. Meyvələrin yığım yetişkənliyi dövrünü müəyyənləşdirmək üçün yod-nişasta metodundan istifadə edilir. Bu məqsədlə yarıya bölünmüş meyvə 0,5...1,0 %-li yod məhlulu ilə işlənir. Meyvələrin yetişməsi 5 balla qiymətləndirilir:
5 - meyvə kəsiminin bütün üzəri tünd rənglənir - meyvə yetişməyib;
4 - meyvə kəsiminin az bir hissəsi rənglənməyib (meyvə saplağı və toxum kamerası bölgəsi) - meyvə yetişməyə başlayıb;
3 - meyvə kəsiminin 50 %-ə qədər hissəsi rənglənmir (ala-bula rəng) - meyvələr uzun müddətli saxlamaq üçün yararlıdır;
2 - yalnız qabıqaltı və zəif lət qatı rənglənir - meyvələr qısa müddətli saxlamaq üçün yararlıdır;
1 - yalnız qabıqaltı qat rənglənir - meyvələr yeyilmək üçün yararlıdır.
Bununla əlaqədar qeyd edilməlidir ki, gödək boylu calaqaltılar üzərində olan meyvələr yığım yetişkənliyinə, uca boylulardan 3...5 gün tez çatır. Ona görə də, belə ağaclardan meyvə yığımı bir qədər tez başlanmalıdır.
Meyvə yığımı. Meyvə yığımına başlamazdan qabaq yığım planı və qrafıki tutulur. Planda işin həcmi, tələb olunan işçi qüvvəsi, alət və avadanlıq, nəqliyyat və qoşqu vasitələri, həmçinin məhsulun çeşidlənməsi və saxlanması üçün binalar, tez xarab olan məhsulun realizə mənbələri qeyd edilir.
Yığım qrafıkində hər cins və sort üçün sərnələrin həcmi və ümumi məhsuldarlıq qeyd olunmaqla, aylar və ongünlüklər üzrə yığılacaq məhsulun kütləsi göstərilməlidir.
Yığım avadanlığı, məhsul yığımına ən azı 15-20 gün qalmış təmir olunub hazır vəziyyətə gətirilməli, binalar və meyvə saxlayıcıları dezinfeksiya edilməlidir. Meyvə yığan fəhlələr üçün qabaqcadan qısa müddətli kurslar təşkil edilir, burada onlara hər cinsin meyvəvermə xarakteri, yığım qaydası, təhlükəsizlik tədbirləri öyrədilir. Uca boylu ağaclardan meyvə yığan fəhlələr, briqadalar üzrə altı nəfərdən ibarət manqalara bölünür. Bunlardan dörd nəfəri meyvə yığan, bir nəfər meyvə daşıyan, bir nəfər isə meyvə qablayıcı işləyir. Hər manqaya ayrıca talon verilir. Bu talonda briqada, manqa və tarix qeyd edilərək yeşik üzərində yapışdırılır və yaxud onun içərisinə qoyulur.
Gödəkboylu meyvə bitkilərindən məhsul yığımı fərdi qaydada aparılır.
Meyvə yığarkən əsas diqqət, onun zədələnmədən mühafizəsinə yönəldilməlidir.