1.2. Tumlu meyvə bitkilərinin ətraf mühit amillərinə tələbləri
Bildiyimiz kimi meyvə-giləmeyvə bitkiləri çoxillik bitkilərdir. İlin müxtəlif fəsillərində onlar əlverişsiz mühit şəraitinin təsirinə məzruz qalır. Bu baxımdan onların bölgələr üzrə səmərəli yerləşdirilməsini təmin etmək üçün ətraf mühit amillərinə tələbatını bilmək lazımdır.
Tumlu meyvə bitkiləri də digər bitkilər kimi daim onları əhatə edən xarici şəraitlə üzvi surətdə əlaqədə olurlar. Xarici şəraitin təsiri nəticəsində bitkilərdə anatomik quruluş və morfoloji nişanələr dəyişir. Tumlu meyvə bitkilərinin xarici şərait amillərinə münasibətləri eyni olmayıb bitkinin yaşından, ilin fəslindən və fenoloji fazalardan asılı olaraq dəyişir. Bitkilərə təsir edən ekoloji amilləri mühit və həyat şəraiti adlanan iki böyük qrupa ayırırlar. Bitkiyə təsir edən ekoloji amillərin hamısı birlikdə həmin bitki üçün mühit şəraiti yaradır. Həmin bitkinin həyatı üçün zəruri olan su, hava, işıq, istilik, qida maddələri isə həyat və ya yaşayış amilləri adlanır.
Tumlu meyvə bitkilərinin böyümə və inkişafını təmin edən ekoloji amillər xarakterlərinə görə aşağıdakı qruplara bölünür (Sxem 1.1).