7.1. Məhsulun yığılması və əmtəələşdirilməsi
Yığımın düzgün təşkili üçün ilk növbədə məhsuldarlıq müəyyənləşdirilməli, yığım vaxtı dəqiqləşdirilməli, işçi qüvvəsi, qablaşdırıcı material, alət və avadanlığa tələbat hesablanmalıdır.
Məhsuldarlığın təyini. Tumlu meyvə bitkilərində məhsuldarlığın təyini üçün mütəxəssis sortun biomorfoloji xüsusiyyətlərini, onun orta meyvə bağlama əmsalını, meyvənin kütləsini bilməlidir. Məhsuldarlıq qabaqcadan proqnozlaşdırma ilə və həmçinin yığım ərəfəsində meyvələrin faktiki miqdarına əsasən aparıla bilər.
Qabaqcadan müəyyənləşdirmə, erkən yazda generativ tumurcuqlara görə, çiçəkləmə zamanı çiçəkləmənin gücünə əsasən, meyvəcik və meyvələrin kütləvi tökülməsindən sonra isə ağac üzərində qalan meyvələrə görə aparılır. Bu zaman baş verə biləcək itkilər nəzərə alınmaqla, meyvə elementlərinin sayı əsasında hesablama aparılır və proqnoz verilir. Nəzərə alsaq ki, tumurcuq, çiçək və meyvəciklərin miqdarı hava şəraitindən asılı olaraq (şaxta, yağış, külək, dolu və s.) eyni qalmayacaq, onda proqnozun obyektiv reallıqdan uzaq olduğu aydın olur.
Ona görə də, hər sort üzrə, konkret şəraitdə, son 3-4 illik məhsuldarlığa əsasən orta məhsuldarlıq müəyyənləşdirilir. Meyvələrin yetişməsinə 30-40 gün qalmış, bağın müxtəlif cəhətlərində yerləşmiş ağaclardan, hər təkrarda 10-15 ədəd olmaqla, üç təkrarda bitki və ya skelet budaqlar seçilir. Onların üzərində olan meyvələr sayılır, bir ağac üçün orta rəqəm hesablanır, alınmış nəticə bir meyvənin kütləsinə, bu isə hektarda ağacların miqdarına vurularaq ümumi məhsuldarlıq müəyyənləşdirilir.
Alınmış nəticəyə, bağın sort üzrə orta məhsuldarlığına əsasən düzəliş verilir. Bu düzəliş, alınmış nəticəyə cavan bağ üçün 10% əlavə edilməklə, yaşlı bağ üçün isə bu rəqəmdən 10 % məhsul çıxılmaqla aparılır.
Faktiki məlumatlara əsasən məhsuldarlığın müəyyənləşdirilməsi aşağıdakı formula ilə aparılır:
𝐌= 𝐒 ∗ 𝐊 ∗ 𝐀
𝟏𝟎𝟎𝟎𝟎𝟎𝟎
burada:
M - hektardan məhsul, t;
S - ağacda meyvənin sayı;
K - meyvənin kütləsi q;
A - bağda ağacların miqdarı.
Yığım planının tərtibi. Gözlənilən məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən, hər cins üzrə ayrıca sərnə və ümumi bağ üçün yığım planı tərtib edilir. Planda aşağıdakılar göstərilir: