Mənənələrə qarşı tütün və təsərrüfat sabunundan hazırlanmış məhluldan istifadə olunması yüksək səmərə verir. Bunun üçün 200 q maxorka 5 l suya tökülür. 2 gün saxlandıqdan sonra məhlul süzülür və oraya 50 q xırdalanmış təsərrüfat sabunu əlavə edilərək qarışdılır. Alınmış məhlulla çiləmə aparılır.
Meyvə bitkilərinin mənənələrdən mühafizəsi məqsədilə soğan qabığından hazırlanmış məhluldan da istifadə edilir. Bu məqsədlə 0,5 kq soğan qabığı 10 l suda isladılır, qaynadılır, soyudulur və süzülür. Alınmış məhlulla bitkilərə çiləmə aparılır. Həmçinin adi boymadərən, qınlı bibər və digər kəskin iyli bitkilərdən alınmış məhlulla aparılan çiləmələr də yüksək nəticə verir.
Mənənələrə qarşı kimyəvi mübarizə məqsədilə yatmış tumurcuqlara 3 %-li “Nitrofen” və yaxud 1 %-li “DNOK” preparatı ilə çiləmə aparılır. Həmçinin erkən yazda mənənənin sürfələri zoğların təpəsinə toplanan zaman 0,2 %-li “Antio” emulsiyası və yaxud 0,2 %-li “Fozalon” emulyasiyası ilə çiləmə aparılır. Tumurcuqlar açıldıqdan sonra və vegetasiya dövründə ağaclara “Detsis”, “Karbofos” və yaxud “Fufanon” preparatlarında biri ilə çiləmə aparılır. Məhsuldar bağda məhsul yığımına 30 gün qalmış çiləmə dayandırılır.
Vergülşəkilli alma yastıcası. Xırda, qəhvəyi-qonur rəngli, uzunsov vergülşəkilli zərərvericidir. 3-4 mm uzunluğundadır. Dişi fərdlər qanadlı olub qırmızımtıl-boz rənglidir. bədəninin yuxarı hissəsində sipərcik olur. Dişi fərdlər öz yumurtalarını sipərciyin altına qoyur və yumurtalar orada qışlayır. Yazda, çiçəkləmədən sonra yumurtalardan sarımtıl-ağ rəngli sürfələr əmələ gəlir. Sürfələr budaqlara səpələnir (Şəkil 6.25). Sürfələr qabığı soraraq ona yapışır, sürətlə böyüyür, üzəri sipərlə örtülür, hərəkət etmək qabiliyyətini itirir. İyulun sonu - avqustun əvvəllində onların inkişafı prosesi başa çatır, əmələ gələn dişi fərdlər yumurta qoyaraq məhv olur.
Mübarizə tədbirləri. Hər il yazda gövdə ölü qabıq hüceyrələrindən təmizlənməli, çətir vaxtında seyrəldilməli, quru budaqlar dibindən kəsilib sahədən çıxarılmalıdır. Çiçəkləmədən dərhal sonra sürfələr kütləvi əmələ gəldiyi dövrdə “Karbofos” və yaxud “Fufanon preparatlarında biri ilə çiləmə aparılır.