Alma boz mənənəsi. Əsasən yaşlı bağlarda geniş yayılmış zərərvericidir. Yumurtalar gövdə və budaqların qabığının qırışlarında qışlayır. Aprelin sonunda yumurtalardan sürfələr çıxır və cavan yarpaqların şirəsini sormağa başlayır. Sürfələrdən üzəri bozumtul örtüklü yaşılımtıl-boz rəngli mənənələr əmələ gəlir. Boz mənənələrin təsiri nəticəsində yarpaqlar qıvrılır, yarpaq ayalarında qırmızı rəngli qabarıqlar əmələ gəlir (Şəkil 6.24).
Onu da qeyd edək ki, mənənələrin ifraz etdikləri şirə qarışqaları cəlb edir. Bitki üzərində bu iki zərərvericinin simbioz fəaliyyəti bitkini tamamilə məhv edə bilər.
Mübarizə tədbirləri. İlk növbədə gövdə və budaqlar ölü qabıq hüceyrələrindən təmizlənməlidir. Sahədə olan qarışqa yuvaları dağıdılmalıdır. Qarışqa yuvalarına xlorlu əhəng tökülərək suvarılır. Eyni zamanda qarışqaların sahədən qovulması üçün yabanı nanə, acıyovşan və kəndalaş bitkilərinin əkilməsi də tövsiyə olunur. Qarışqalar bu bitkiləri ətrinə tab gətirmir.