Ballıcaya qarşı həmçinin çiçəkləmədən əvvəl “Aktara 25 WG” və ya “Enjio 247 SC”, çiçəkləmədən sonra isə yalnız “Enjio 247 SC” preparatı ilə də çiləmə aparıla bilər.
Çiçəkləmədən dərhal alma ballıcasına qarşı sonra tütün tüstüsündən də istifadə edilə bilər.
Mənənələr. Alma yaşıl mənənəsi. Xırda (2 mm uzunluğunda) yaşıl rəngli cücüdür. Əsasən cavan bağlarda geniş yayılır. Yumurta mərhələsində qışlayır. Erkən yazda tumurcuqların təpəsinə toplanaraq bitkinin şirəsi ilə qidalanır. Yarpaqlar açıldıqda ayanın alt hissəsinə və cavan zoğlara toplanır (Şəkil 6.23). Zərərvericinin təsirindən yarpaqlar qıvrılır, zoğlar deformasiyaya uğrayır. Zərərverici güclü yayıldıqda həmin hissələr qurumağa başlayır. O, bitkinin gücünü almaqla böyüməni ləngidir və məhsuldarlığı aşağı salır. Bitki qışa davamsız olur. Ən təhlükəlisi isə odur ki, mənənələr virus mənşəli xəstəliklərin daşıyıcısıdır. Yay müddətində 15-ə qədər nəsil verə bilir.
Mənənələr qidalanma zamanı yapışqanabənzər şirin məhlul ifraz edir ki, bu da his göbələyinin inkişafı üçün əlverişlidir. Nəticədə bitkinin müxəlif orqanları göbələkdən ibarət qara örtüklə örütülür.