Heyva və əzgil bitkilərində isə çiçəklər iri olub, tək-tək yerləşir. Heyva bitkisinin çiçəkləri açıq çəhrayı rəngli, əzgil bitkisinin çiçəkləri isə çəhrayı və yaxud ağ rənglidir. (Şəkil 1.12 və Şəkil 1.13).
Yemişan və üvəz bitkilərinin çiçək topası isə mürəkkəb sipər tiplidir. Mürəkkəb sipərin xüsusiyyəti ondan ibarətdir ki, əsas oxun böyürlərində yerləşən hər oxun ucunda sadə sipərdə olduğu kimi çiçəklər yerləşir (Şəkil 1.14 və Şəkil 1.15).
Meyvənin tipi və quruluşu. Tumlu bitkilərin meyvəsi yalançı meyvə adlanır. Meyvənin əmələ gəlməsində dişiciyin yumurtalığı və erkəkciyin tozcuqları ilə yanaşı çiçəyin başqa orqanları da, məsələn çiçək yatağı, kasa yarpaqları, kasacıq da iştirak edərsə belə meyvəyə yalançı meyvə deyilir. Tumlu bitkilərdə meyvə çiçək yatağının böyüməsindən əmələ gəlir. Bu proses alma bitkisinin timsalında Şəkil 1.16-da daha aydın verilir.