Alma və armud ballıcası. Alma ballıcası meyvələri zədələyir. Yumurta şəkilində qışlayır. Dişi fərdlər yayın sonunda yumurtalarını çiçək tumurcuqlarının əsasında və yaxud meyvə budaqcıqlarının bükümlərində qoyur. Yazda, tumurcuqlar açılan ərəfədə yumurtalardan sürfələr çıxaraq həmin hissələrin daxilini tutur. Sonra isə çiçək və yarpaq saplalarına yerləşirlər (Şəkil 6.21). Yetkin fərdlər çiçəkləmə başa çatdıqdan 2 həftə sonra görünməyə başlayır və tezliklə bağda ot bitkilərində məskunlaşırlar. Avqust ayında ballıca alma bitkisinə qayıdır və yumurta qoyur. İl ərzində bir nəsil verir.
Armud ballıcası da əsasən meyvələri zədələyir. Yetkin fərdlər tökülmüş yarpaqların altında, gövdə və ya budaqlada olan çat və yarıqlarda qışlayır. Erkən yazda temperatur 10 0C olduqda qışladıqları yerdən çıxaraq çiçək tumurcuqlarının əsasında, meyvə çantalarının qabığının qırışlarında, çiçək və yarpaq saplaqlarının əsasında 2-30 ədəd qrup şəkilində yumurta qoyur. Yumurtalardan qısa müddət ərzində sürfələr çıxır. Sürfələr aprel-may aylarında şişmiş tumurcuq, cavan yarpaqlar, çiçək saplaqları, mayalanmış yumurtalıq, cavan zoğlarla qidalanmağa başlayır (Şəkil 6.22). İl ərzində 4-5 nəsil verir. Qurdların buraxdığı şirə his göbələyinin əmələ gəlməsi üçün əlverişli mühit yaradır. Nəticədə yarpaq, budaq və meyvələr qara örtüklə örtülür.
Mübarizə tədbirləri. Erkən yazda tumurcuqlar açılmamış +5...+20 °C temperatur şəraitində “DNOK”, “Nitrafen”, “Oleokuprit” və “№ 30” preparatlarından biri ilə çiləmə aparılır. Sürfələrlə mübarziə məqsədilə çiçəkləməyə qədər “Antio”, “Detsis”, “Karbofos”, “Metafos”, “Vofatoks”, “Fosfamid”, “Sianoks” və d. preparatlardan biri ilə çiləmə aparılır. Yay dövründə lazım gəlırsə arnud ballıcasına qarşı yuxarıda göstərilən preparatlardan biri ilə təkrar çiləmə aparılır.