Mübarizə tədbirləri. İlk olaraq növbəli əkin sistemində sələf bitkilər düzgün seçilməlidir. Tumlu meyvə bitkiləri üçün ən yaxşı sələf çoxillik otlar, dənli və dənli-paxlalı bitkilərdir. Yüksək dozada azotlu gübrələrdən imtina olunmalıdır. Bitkilərin xəstəliyə qarşı davamlılığını yüksəldən fosfor-kalium gübrələrindən istifadə edilməlidir. Fizioloji turş gübrələrin tətbiqi turş mühit yaratdığından bakteriyanın inkişafının qarşısını alır. Kök sisteminin mexaniki zədələnməsinə yol vermək olmaz. Torpaq zərərvericilərinə qarşı müntəzəm olaraq kimyəvi mübarizə aparılmalıdır.
6.3. Tumlu meyvə bitkilərinin zərərvericiləri
Alma çiçəkyeyəni. Alma üçün yüksək ixtisaslaşmış zərərvericidir. Çiçək tumurcuqlarının daxilinə qoyulmuş yumurtalardan sürfələr əmələ gəlir və tumurcuqlardan yeni nəsil həşəratlar çıxır. Çiçək tumurcuqları sürfələr tərəfindən tamamilə yeyilərək açılmadan məhv olur. Həşəratlar boş çiçək tumurcuqlarını hiss edir və yumurtalarını bir qayda olaraq məhsuldar çiçək tumurcuqlarının daxilinə qoyur. Erkən yazda temperatur +4 °C olduqda həşəratlar tumurcuqlarla qidalanmağa başlayır və orada dərin batıqlar əmələ gətirir. Zədələnmiş çiçəklərdən kitrə axır. Çiçək tumurcuqları açıldıqdan sonra həşəratlar öz yumurtalarını yeni differensasiya olunmuş çiçək tumurcuqlarına qoyur. 5-7 gündən sonra çiçək tumurcuğunun daxilində bükülü vəziyyətdə olan çiçək ləçəklərinin altında yeni sürfələr əmələ gəlir və 18-21 gün ərzində orada qidalanır. Bu müddətdə aparılan mübarizə heç bir səmərə vermir və zərərverici öz inkişafını normal tamamlayır (Şəkil 6.15).
Mübarizə tədbirləri. Mexaniki mübarizə. Bu üsulla zərərvercilər bilavasitə məhv edilir. Bunun üçün ağacların gövdə ətrafına insektidilə işlənmiş bərk materialdan (brezent və yaxud sintetik plyonka) örtüklər salınır. Ağaclar silkələnərək həşəratlar həmin örtüklərin üzərinə tökülür və məhv edilir. Bu əməliyyat adətən səhər saatlarında aparılır və çiçəkləməyə qədər 3-4 dəfə təkrar olunur.
Tələ üsulu ilə mübarziə. Erkən yazda gövdə ətrafına küləş və ya digər materialdan mulça döşənir. Onun üzərinə insektisid tozu səpilir. Çiçəkləmənin sonuna qədər gövdəətrafı sahə bu cür saxlanır. Çiçəkləmədən sonra küləş yığılaraq sahədən çıxarılır.
Həşəratlara qarşı tələ kimi eyni zamanda yapışqanlı kağız lentlərdən də istifadə etmək olar. Həmin lentlər ağacın gövdəsinə yapışdırılır. Lentə yapımış həşəratlar hərəkət edə bilmir və aclıqdan məhv olur.