Mübarizə tədbirləri. Xəstəliyə qarşı kimyəvi mübarizə tədbirləri mövcud deyil. Bağın salınmasında sağlam əkin materialından istifadə olunmalıdır. Xəstəliyin qarşısını almaq məqsədilə tinglərin +34...+37 °C temperatur şəraitində termoterapiya edilməsi yaxşı nəticə verir.
Armud yarpaqlarının ağ ləkəliyi və ya septoriozu. Göbələk mənşəli xəstəlikdir. İlkin əlamətləri armud bitkisi çiçəklədikdən sonra müşahidə olunur və yayın ikinci yarısında kütləvi halda yayılır. Xəstəliyin xarakterik əlaməti yarpaqlarda, bəzən isə meyvələrdə kiçik girdəşəkilli, tünd qonur haşiyəli bozumtul ləkələrin əmələ gəlməsidir (Şəkil 6.13). Sonrakı dövrdə ləkələrin orta hissəsində gözlə görünən qara piknidlər (göbələyin konidisporları) əmələ gəlir. Yarpaqlar bu xəstəliklə kütləvi şəkildə yoluxduqda onların 80-100 %-i vaxtından əvvəl tökülür.
Xəstəlik törədici tökülmüş yarpaqlarda qışlayaraq yazda yenidən bitkiləri sirayətləndirir.
Mübarizə tədbirləri. Xəstəliktörədici orqanizm tökülmüş yarpaqlarda qışladığından onlar payızda yığılaraq bağdan kənarlaşdırılır. Xəstəliklə kimyəvi mübarizə məqsədilə 4 dəfə nitrofen məhlulu (10 l suya 3 q preparat) və ya 1 %-li Bordo məhlulu (sönmüş əhəng və mis kuporosundan ibarət) ilə çiləmə aparıla bilər. İlk çiləmə erkən yazda tumurcuqlar açılmamışdan əvvəl aparılır. Növbəti çiləmələr isə tumurcuqlar açılmağa başladığı dövrdə, onlar tam açıldıqdan sonra və çiçəkləmədən sonra aparıla bilər.
Tumlu meyvə bitkilərinin bakterial kök xərçəngi. Bitkinin köklərində və kök boğazında müxtəlif formalı və ölçülü şişlər, fırlar əmələ gəlir. Xəstəliktörədici - bakteriya torpaqda bitki qalıqlarında yaşayır. Yoluxma yerlərində daşıyıcı borular dağılır, qida maddələrinin və suyun ötürülməsi prosesi pozulur. Kök xərşəngi ilə yoluxmuş hüceyrələr dağılır və ölü hüceyrələr qrupu əmələ gəlir (Şəkil 6.14).
Xəstəliyin inkişafı torpaq məhlulunun reaksiyasından daha çox asılıdır. Belə ki, neytral və zəif qələvi mühitdə xəstəlik sürətlə inkişaf edir. Turş mühit xəstəliyə ingibirləşdirici təsir göstərir. Yüksək turş (pH 5 və daha çox) torpaqlarda isə bakteriyalar virulentliyini itirir. Yüksək rütubət və isti hava şəraitində daha intensiv inkişaf edir.