Qabığın nekrozu və ya bakterial xərçəngi. Xəstəliklə əsasən armud bitkisi, bəzən isə alma da sirayətlənir. Yazda yarpaq və çiçək topalarının qəflətən qonurlaşması və quruması baş verir. Sirayətlənmiş çiçəklər və yarpaqlar qaralır və quruyaraq vegetasiyanın sonuna qədər budağın üzərində qalır. Zoğların böyüməsi zəifləyir, onlar əyilir, qaralır və quruyur (Şəkil 6.11). Skelet budaqların və ştambın qabığında çəhrayımtıl-qəhvəyi rəngli, müxtəlif ölçülü və oval formalı batıq ləkələr əmələ gəlir. Ləkələr bənövşəyi rənglə haşiyələnir.
Bakteriayalar bağ alət və avadanlıqları, həşəratlar və yağış suyu vasitəsilə asanlıqla yayılır. Ağacların mexaniki zədə almış hissələri xəstəliklə daha asan yoluxur.
Mübarizə tədbirləri. Xəstəliklə yoluxmuş hissələr, 10-15 sm sağlam toxumalar da daxil olmaqla kəsilib sahədən kənarlaşdırılır və yandırılır. Kəsim yerləri 1 %-li dəmir kuporosu məhlulu və yaxud 5 %-li karbonat turşusu ilə dezinfeksiya edilərək oraya bağ məlhəmi çəkilir. Bağda budama apaıldıqdan sonra ağaclar 5 %-li formalin məhlulu ilə dezinfeksiya edilir.
Almanın mozaikası. Virus mənşəli xəstəlikdir. Xəstəliklə yoluxmuş bitkilərdə erkən yazda yarpaqlarda açıq sarı, sonra isə solğun rəngli ləkələr və yaxud ağ xətlər əmələ gəlir (Şəkil 6.12). Xəstəlik səbəbindən yarpaqlar yay dövründə tökülür. Xəstəliyin əlamətləri əsasən vegetasiyanın birinci yarısında müşahidə olunur. Zoğların qabığında xlorotik və ya nerotik zolaqlar əmələ gəlir. Qırmızı rəngli meyvələrdə krem və yaxud açıq qırmızı rəngli ləkələr əmələ gəlir.