Qara xərçəng xəstəliyi. Skelet budaqlarda və ştamda qabıq hissə bu xəstəliklə yoluxur. Qabıqda mərciməklərin yanında çoxlu sayda xırda batıq nekrotik ləkələr əmələ gəlir. Nazik budaqlarda mərciməklər böyüməyə başlayır. Yoğun budaqlarda isə güclü kitrə axını baş verir. Əmələ gəlmiş yaralar böyüyür, onun ətrafında isə qabıq qonur rəng alır (Şəkil 6.9).
Bu zaman meyvələrdə və yarpaqlarda qırmızımtıl ləkələr də əmələ gələ bilər. Güclü yoluxma zamanı ağac tamamilə məhv olur.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı kimyəvi mübarizə tədbiri mövcud deyil. Ona görə də əsasən qabaqlayıcı tədbirlər aparılır. Belə ki, gövdədə və budaqda xəstə hissələr sağlam toxumaya qədər təmizlənərək mis kuporosu məhlulu ilə işlənir.
Sitosporoz. Əsasən yaşlı tumlu meyvə bağlarında yayılmış xəstəlik növüdür. Əsasən gövdə budaqları sirayətləndirir. Xəstəliklə sirayətlənmə zamanı birillik hissələrdə qara rəngli qabarcıqlar əmələ gəlir və onlar məhv olur. Yoğun budaqlarda isə yaralar əmələ gəlir və böyüyür. Qabıq qırmızımtıl qəhvəyi rəng alır və quruyur. Kitrə axını da baş verə bilər (Şəkil 6.10).
Mübarizə tədbirləri. Xəstəliyə qarşı kimyəvi mübarizə aparılmır. Xəstəliklə yoluxmuş hissələr kəsilərək bağdan kənarlaşdırılır. Profilaktik tədbir olaraq yazda tumurcuqlar oyanmamiş və ağaclar nisbi sükunət dövründə olduqda 3 %-li mis kuporosu ilə çiləmə aparılması tövsiyə olunur.