Məhsul yığımına bir ay qalmış “Fitosporin” preparatı və yaxud yod məhlulu ilə çiləmə aparılır. Yod məhlulu hazırlamaq üçün 10 l suya 10 ml 5 %-li yod əlavə olunur. Çiləmə 3 gündən bir 2 dəfə aparılır.
Meyvələrdə çürümə xəstəliyinin ilkin əlamətləri müşahidə olunduqda “Sirkon” preparatı ilə də çiləmə aparılması tövsiyə olunur. Çiləmə yazda 2 həftə intervalla 2 dəfə aparılır.
Monilioz xəstəliyinə qarşı dəmgil xəstəliyində istifadə olunan preparatlar da tətbiq oluna bilər.
His göbələyi xəstəliyi. Əsasən çiçək ləçəkləri töküldükdən və meyvələr formalaşan dövrdə müşahidə olunur. Budaqlarda, meyvələrdə və yarpaqlarda tünd qara rəngli dağınıq ləkələr əmələ gəlir. Xəstəliklə yoluxmuş meyvələrin dad və əmtəəlik keyfiyyəti aşağı düşür. Zoğ və yarpaqlar bu xəstəliklə yoluxduqda böyümə prosesi ləngiyir, bitkini şaxtaya davamlılığı aşağı düşür və çiçək tumurcuqlarının əsası qoyula bilmir. Bu xəstəlik zamanı əmələ gələn ləkələr əllə silindikdə asanlıqla gedir (Şəkil 6.5)