Mübarizə tədbirləri. Erkən yazda bitkilərə 1 %-li Bordo məhlulu və yaxud mis xlorid çilənir. Çiçəkləmənin əvvəlində həmin preparatlarla təkrar çiləmə aparılır. Eyni qaydada çiçəkləmədən sonra 3-cü, ondan 10 gün sonra isə 4-cü çiləmə aparılır. Xəstəliyə qarşı “Kuproksat” (10 l suya 50 ml) preparatı ilə də çiləmə aparıla bilər.
Meyvə çürüməsi və ya monilioz. Tumlu meyvə btikilərində geniş yayılmış göbələk mənşəli xəstəlikdir. Əvvəlcə meyvələrin üzərində qonur rəngli ləkələr əmələ gəlir. Sonra orada bozumtul rəngli təbəqə yaranır ki, bu da göbələyin sporlarıdır (Şəkil 6.4). Bu sporlar külək vasitəsilə çox asanlıqla yayılır və digər bitkiləri də sirayətləndirir. Yoluxmuş meyvələrdə lət çürüyür. Bu xəstəlik yayın ikinci yarısında meyvələr yetişən vaxt, xüsusilə də isti və rütubətli hava şəraitində çox sürətlə yayılır. Xəstəliklə ilk növbədə mexaniki zədələnmiş meyvələr yoluxur.
Mübarizə tədbirləri. Profilaktiki tədbir olaraq sirayətlənmiş bütün meyvələr yığılaraq dərhal sahədən kənarlaşdırılmalıdır. Yazda və payızda ağaclara qabaqlayıcı tədbir olaraq 1 %-li Bordo məhlulu ilə çiləmə aparılır. Bu məqsədlə yarpaqlara əhəngli su (10 l suya 1 kq əhəng) ilə çiləmə aparılması da tövsiyə olunur.