Unlu şeh. Alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəlikdir.Xəstəliklə yoluxma zamanı yarpaqların və çiçək topalarının üzərində ağ rəngli unlu örtük əmələ gəlir. Sirayətlənmiş hissələr quruyaraq tezliklə məhv olur. Yarpaqlar qıvrılaraq boruşəkilli forma alır. Erkən yazda geniş yayılır, əsasən cavan zoğ və yarpaqları sirayətləndirir (Şəkil 6.2)
Mübarizə tədbirləri. Bağda unlu şeh xəstəliyinə yoluxmuş bütün yarpaq və zoğlar kəsilərək vaxtında sahədən kənarlaşdırılmalıdır. Xəstəliyin erkən mərhələsində kolloid kükürdlə (10 l suya 80 q kükürd) çiləmə aparılır. Unlu şeh xəstəliyininin yayılmasının qarşısını almaq məqsədilə çiçəkləmə vaxtı “Skor” və ya “Topaz” preparatlarından biri ilə çiləmə aparılır. Xəstəliyə qarşı eyni zamanda “Bayleton”, “Qamair”, “Zato”, “Kvadris”, “Rayok”, “Tilt”, “Topsin M” və yaxud “Tiovit Cet” preparatlarından biri ilə çiləmə aparılır. Məhsul yığımından sonra isə mis kuporosu və yaxud təsərrüfat sabunundan hazırlanmış məhlulla çiləmə aparılır.
Pas xəstəliyi. Alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəlikdir.Xəstəliklə yoluxmuş yarpaqlarda sarımtıl, narıncı və yaxud qəhvəyi-pas rəngli qabarıq ləkələr əmələ gəlir (Şəkil 6.3). Ləkələr adətən aprelin ikinci yarısı və mayın əvvəllərində görünməyə başlayır. Xəstəlik güclü yayıldıqda meyvələrə də sirayətlənir.
Mübarizə tədbirləri. Erkən yazda bitkilərə 1 %-li Bordo məhlulu və yaxud mis xlorid çilənir. Çiçəkləmənin əvvəlində həmin preparatlarla təkrar çiləmə aparılır. Eyni qaydada çiçəkləmədən sonra 3-cü, ondan 10 gün sonra isə 4-cü çiləmə aparılır. Xəstəliyə qarşı “Kuproksat” (10 l suya 50 ml) preparatı ilə də çiləmə aparıla bilər.