Meyvələrin dəmgil xəstəliyinə erkən yoluxması daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.
Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına yol verilir.
Mübarizə tədbirləri. Qabaqlayıcı tədbir olaraq tökülmüş yarpaqlar vaxtında sahədən yığılmalı, alaqlarla mübarizə aparılmalı, gövdəətrafı sahə çürüntü və ya torfla mulçalanmalıdır. Bağda, xüsusilə də rütubətlilik çox olduqda normal havalanma şəraiti yaradılmalıdır.
Xəstəliklə mübarizə məqsədilə aşağıdakı qayda ilə çiləmə aparılır (Cədvəl 6.1).
Çiləmənin vaxtı və sayı | Preparat |
1-ci çiləmə - tumurcuqlar açılan vaxtı | 3 %-li Bordo məhlulu |
2-ci çiləmə - çiçəkləmədən dərhal sonra | 1 %-li Bordo məhlulu, “Abiqa-Pik”, “Kuprozan” və yaxud mis xlorid |
3-cü çiləmə - çiçəkləmədən 2-3 həftə sonra | “Skor”, “Xorus” xə ya “Ditan” |
Cədvəl 6.1. Dəmgil xəstəliyi ilə mübarizə tədbirləri