Maddə 4. Dövlət bitki mühafizə xidmətinin təşkili
Dövlət bitki mühafizə xidməti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.
Maddə 5. Dövlət bitki mühafizə xidmətinin vəzifələri
Dövlət bitki mühafizə xidmətinin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının bütün ərazisində bitki mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək; ziyanverici obyektlərin kütləvi çoxalmasını qabaqcadan xəbər vermək, bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması tədbirlərini təşkil etmək; dövlət bitki karantini xidməti ilə əlaqəli şəkildə Azərbaycan Respublikasının ərazisini xarici dövlətlərdən karantin ziyanverici, xəstəlik və alaq otlarının keçməsindən qorumaq, daxili karantin obyektlərinin yeni ərazilərə yayılmasının qarşısını almaq. Dövlət bitki mühafizə xidməti mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq kənd təsərrüfatı müəssisələrində, idarələrində və təşkilatlarında, bitki mühafizəsi tədbirləri həyata keçirilən digər sahələrdə fitosanitar nəzarətin vəziyyətinə, kimyəvi, bioloji və başqa bitki mühafizə vasitələrinin elmi əsaslarla istifadə edilməsinə tam məsuliyyət daşıyır.
Maddə 6. Dövlət bitki mühafizə xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı
Dövlət bitki mühafizə xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı dövlət büdcəsi vəsaiti, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər maliyyə mənbələri, habelə bitki mühafizəsi üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilən pullu xidmətlərdən əldə edilən vəsait hesabına həyata keçirilir. Dövlət bitki mühafizə xidmətinin mütəxəssisləri üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada güzəştlər tətbiq olunur.
Maddə 7. Dövlət bitki mühafizə xidmətinin başqa dövlət idarəetmə orqanları ilə əlaqəli fəaliyyəti
Dövlət bitki mühafizə xidməti bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində ekologiya və təbiəti mühafizə, sanitariya-epodemioloji, baytarlıq və bitki karantini üzrə dövlət xidmətləri ilə birgə fəaliyyət göstərir. Azərbaycan Respublikasının müvafiq nazirlikləri və başqa mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində dövlət bitki mühafizəsi xidmətinə, onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə köməklik edirlər. Dövlət bitki mühafizəsi xidməti restisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin istehsalı, tədarükü və istifadəsi barədə müəyyən edilmiş qaydada statistika orqanlarına məlumat verir. III fəsil Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi