6.1. Bitki mühafizə tədbirləri üzrə hüquqi normalar
Bitki Mühafizəsi Haqqında Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası ərazisində bitki mühafizəsinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
I fəsil Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasında bitki mühafizəsi
Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsidir. Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi; bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması; bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi.
Maddə 2. Bitki mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Bitki mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bitki mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi
Bu Qanunda müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi dövlət bitki mühafizə xidmətinin fəaliyyəti ilə təmin edilir. Bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri dövlət bitki mühafizəsi xidməti tərəfindən təşkil edilir, dövlət, bələdiyyə və özəl təşkilatların nəzdində bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqəli şəkildə həyata keçirilir.
Bitki mühafizəsi sahəsində fiziki şəxslərin sahibkarlıq fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə (lisenziya) əsasında həyata keçirilir. II fəsil Dövlət bitki mühafizə xidməti