Həlqəli, nizə və uzun meyvə budaqcıqları normal şəraitdə becərilən ağacda hər il əmələ gəlir, sərbəst və ya qarışıq şəkildə şaxələnərək sadə və mürəkkəb tipli olurlar.
Sadə meyvə budaqcığı. 3-5 illik olmaqla ya həlqəli meyvə budaqcığının sərbəst şaxələnməsindən, yaxud da həlqəli və nizə, həlqəli və uzun, nizə və uzun meyvə budaqcıqlarından yaranmış meyvə budaqcığı kompleksidir. Belə budaqcıq kompleksi yüksək və sabit məhsula zəmanət verə bilir. Çünki şaxələnmə sayı az olduğundan (2-4 sıra) qida maddələrinin səmərəsiz sərfi az olur.
Mürəkkəb meyvə budaqcığı. Sadə meyvə budaqcığı kompleksindən yaşının və budaqlanma sayının çox olması ilə fərqlənir. Bu səbəbdən də onlarda çiçəklərin meyvə bağlama faizi aşağı olur. Meyvələr xırda və aşağı keyfiyyətli olmaqla əksərən ağacdanvaxtsız tökülürlər. Belə budaqcıqda şaxələnmə çox olduğundan qida maddələrinin səmərəsiz sərfi baş verir. Ona görə də onlar budanılaraq sadə meyvə budaqcığına çevrilməlidir.
Meyvəvermə xarakteri. Generativ tumurcuğun meyvə budaqcığı üzərində tutduğu yer bitkinin bioloji xüsusiyyətindən asılıdır. Bir qayda olaraq generativ tumurcuq tumlu meyvə bitkilərində meyvə budaqcığının təpəsində yerləşir. Lakin burada müstəsnalığa da təsadüf edilir. Belə ki, vegetasiya dövrü uzun müddət davam edən bəzi illərdə almanın Qışlıq Qızıl Parmen (zolaqlı Şafran), Qışlıq Ağ Rozmarin, Qışlıq Ağ Kalvil və s. sortlarında, armud bitkisinin Bon Kretyen Vilyams, Olivye de Serr və d. sortlarında generativ tumurcuq meyvə budaqcıqlarının böyründə də yerləşə bilər. Beləliklə tumlu meyvə bitkilərinin meyvəvermə xarakteri alma bitkisinin timsalında şəkildə daha aydın görünür (Şəkil 1.8)
Heyva və əzgil bitkilərində çiçəklər birillik zoğların uc hissəsində əmələ gəlir.
Çiçəyin quruluşu. Yüksək və keyfiyyətli məhsul almaq üçün meyvə-giləmeyvə bitki cinslərində, növlərində və onların sortlarında çiçəklərin quruluşunu, tozlanma və mayalanmaya münasibətini bilmək lazımdır. Bu mühüm bioloji məsələnin əvvəlcədən dəqiq öyrənilməsi cins, növ və sortların bağlarda düzgün yerləşdirilməsinə, tozlanma və mayalanma prosesinin təmin edilməsinə, nəticədə yüksək və keyfiyyətli məhsul alınmasına imkan verir.