Bu məqsədlə çiçək tumurcuqlarının differensiasiyasına 35-40 gün qalmış, onların kalium hibberelat məhlulu (50 mq 1) ilə çilənməsi, zoğların boyatma dövrünü uzatdığından çiçək tumurcuqlarının əmələ gəlməsinə maneçilik törədir. Bu üsulun geniş miqyasda tətbiqi daha səmərəlidir.
Meyvələrin yığımqabağı tökülməsinin qarşısının alınması. Meyvələrin formalaşması intensivliyi və onun kütləsinin artması tempi yığıma 15-20 gün qalmış daha sürətli olur. Sutkalıq kütlə artımı bu dövrdə 0,5-5,0 % təşkil edir. Ona görə də meyvələr bu dövrdə suya və qidaya daha çox ehtiyac duyur. Torpaqda su çatışmazlığı və nəticə olaraq qida maddələrilə təminatın zəifləməsi, toxumun böyüməsinin dayanması, meyvədə boy hormonlarının (auksin) azalması, həmçinin meyvə saplağının əsasında təcridedici təbəqənin əmələ gəlməsi meyvələrin yığımqabağı tökülməsinə səbəb olur. Meyvə yığımının ləngidilməsi də meyvələrin kütləvi tökülməsinə şərait yaradan amillərdəndir.
Ümumiyyətlə meyvələrin tökülməsi etilenin biosintezi hesabına baş verir. Bunu stimullaşdıran isə quru isti havadır. Xüsusilə, alma bitkisində bu hal bundan daha çox müşahidə olunur. Müəyyən olunmuşdur ki, meyvələrin tökülməsinin qarşısını almaq üçün meyvələrdə metioninin etilenə çevrilməsi prosesinin qarşısı alınmalıdır. İntensiv tipli bağlarda bu məqsədlə aminoetoksi-vanil-qlitsin (AVQ) daha səmərəli sayılır.
Eyni zamanda 0,002 %-li ANU- və onun duzları, 0,001 %-li 2,4-D preparatı (dixlorfenoksi sirkə turşusu), 0,002-0,003 %-li 2,4,5-TP (trixlorfenoksipropion turşusu), həmçinin 0,1-0,2 %-li alar preparatı da istifadə edilir.
Bunlardan “Alar” daha faydalı sayılır. Çünki ANU və digər qeyd olunan preparatlar meyvələrin yetişməsini tezləşdirdiyindən, xüsusən payızlıq və qışlıq sortların meyvələrinin saxlanma müddətini qısaldır. Alar isə meyvələrin yetişməsinə təsir etmir. Həmçinin aların təsir dövrünün uzun olması, onu münasib olan vaxtda (çiçəkləmədən 1,5-2 həftə keçdikdən sonra meyvələrin yetişməsinə 1,5 ay qalana qədər) çiləməyə imkan verir.
Fizioloji fəal maddələr ilə çiləmə günün sərin vaxtında - səhər və axşamçağı aparılmalıdır.
Nəzərdə saxlamaq lazımdır ki, fizioloji fəal maddələr, məhsuldarlığın artırılması üçün əlavə tədbir kimi, yalnız sağlam və normal fizioloji vəziyyətdə olan bitkilərə tətbiq edilməlidir.
5.3. Məhsuldarlığın yüksəldilməsi tədbirləri
Müasir dövrdə intensiv tipli tumlu meyvə bağlarında məhsuldarlığın yüksəldilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Misal olaraq aşağıda bir neçə nümunə göstərilir.
5.3.1. İntensiv tipli alma bağı üçün vegetasiya ərzində suvarma və gübrələmə rejimi
İntensiv tipli bağın göstəriciləri aşağıdakı kimidir: