Belə tüstü yaradan mənbələr torpaqdan və havadan istiliyin şüalanmasının qarşısını alır. Ona görə də radiasiyon tipli, -2°-yə qədər ayazdan mühafizə üçün bu üsul əlverişli sayılır.
Bağ sahəsinə böyük, xüsusi istilik mənbəyinə malik olan suyun püskürdülməsi də havanın temperaturunu xeyli yüksəldə bilir. Bununla bərabər, püskürdülmüş suyun donması zamanı 80 kaloriyə qədər gizli istilik çıxır ki, bu da temperaturun aşağı düşməsini ləngidir. Bu zaman ağaclarda yaranmış nazik buz qatı, toxumalarda temperaturu 0° səviyyəsində saxlayır. Buna görə süni yağış yağdırmağa, havanın temperaturu 0°-yə endiyi vaxt başlamalı və səhər, temperaturun yüksəlməsinə qədər davam etdirilməlidir.
Bağ sahəsindən soyuq havanın qovulması üçün nəhəng hava qovucularından və vertolyotlardan da istifadə edilə bilər.
Çiçəklərin tozlanmasının təmin edilməsi. İrəlidə qeyd olunduğu kimi meyvə bitkilərinin əksər sortları özübarsız olduğundan bol və keyfiyyətli məhsul vermək üçün çarpaz tozlanma tələb edir. Tumlu meyvə bitkiləri həşəratla (entomofil)tozlandığından çiçəkləmə vaxtı bal arılarının mövcudluğu böyük əhəmiyyət kəsb edir.
Məhsuldarlığın artırılmasında bal arılarının böyük rolunu nəzərə alaraq hər hektara 2-3 arı ailəsi yerləşdirmək məsləhət görülür. Onlar 25-30 ədəd olmaqla qruplarla hər 400-600 m-dən bir qoyulduqda bütün ağacların çiçəklərinin tozlanmasını təmin edir.
Arı ailələri bağa çiçəkləmə başlayan ərəfədə gətirilir və kütləvi çiçəklənmənin sonuna yaxın bağdan çıxarılır. Arı ailələrinin bağdan çıxarılmasının ləngidilməsi çiçəklərin kütləvi tozlanma və mayalanmasına səbəb olur ki, bu da sonralar artıq meyvə elementlərinin seyrəldilməsini və buna çəkilən məsarifin artmasını tələb edir.
Məhsulun normalasdırılması. Məlumdur ki, ağac üzərində olan cəmi çiçəklərin çox az qismi (tumlu meyvə bitkilərində 3-5 %) faydalı meyvəvermə imkanına malikdir. Qalanları isə ayrı-ayrı müddətlərdə kütləvi şəkildə tökülərək çoxlu miqdar qida maddələri itkisinə səbəb olur. Bitkilərin həddən artıq meyvə ilə yüklənməsi (hər m2 yarpaq səthinə 3-5 kq-dan çox) meyvələrin xırdalaşmasına və ilaşırı məhsuldarlığa səbəb olur. Ona görə də mötədil meyvəbağlama və ağacların məhsulunun vaxtında normalaşdırılması sonrakı itkinin və xərcin qarşısını alır. Çiçək və meyvələrin seyrəldilməsi mexaniki yolla və kimyəvi preparatların köməkliyi ilə aparılır.
Mexaniki üsul budama və əl ilə seyrəltməni nəzərdə tutur. Ağacların kütləvi çiçəkləməsi başlayan dövrdə onlar müxətlif maşınların köməkliyi ilə seyrəldilir (Şəkil 5.45).
Artıq meyvə elementlərinin əl ilə seyrəldilməsi, ağır əməliyyat olduğundan, bu yalnız kiçik bağ sahələrində aparıla bilər.
Böyük əmtəəlik meyvə bağlarında çiçək, meyvəcik və meyvələrin seyrəldilməsi kimyəvi preparatlarla da aparılır (Şəkil 5.46).
Çiçəklənmənin normalaşdırılması məqsədilə DNOK (dinitrok-rezolyat), DNF (dinitrofenol), ANU (alfanaftil sirkə turşusu) və onun duzları, həmçinin etrel, sevin və d. preparatlar da istifadə edilir.
DNOK çiçəklərin dişicik ağızcığını qurudur, erkəkcik tozcuğunu və toz borusunu məhv edir, açılmamış çiçəyə (qönçə) və mayalanmış çiçəyin yumurtalığına isə təsir etmir.