Məhsula qulluq ilk növbədə çiçək tumurcuqlarının və çiçəklərin yaz şaxtalarından (ayazdan) qorunması, çiçəklərin tozlanmasının təmin edilməsi, çiçək, meyvəcik və meyvələrin miqdarının normallaşdırılması, meyvələrin yığımqabağı tökülməsinə qarşı mübarizə, budaqların qırılma ehtimalını azaltmaq və s. tədbirləri əhatə edir.
Yaz şaxtaları (ayaz) ilə mübarizə. Meyvə bitkilərinin ayrı-ayrı orqanları nisbi sükunət dövründə 18°…20 °C və daha aşağı şaxtaya davam gətirdiyi halda, vegetasiyaya başladığı andan, çiçək tumurcuqları, çiçək və meyvəciklər çox cüzi (-1…-3 °C) şaxtadan belə öldürücü zədə alır. Yaz şaxtaları bir qayda olaraq aprelin ortalarında (10-15 aprel) baş verir və üç tipdə olur.
Radiasiyon tipli ayaz. Yerli şaxta olub çökək, havalanmayan sahələrdə torpağın və havanın istiliyinin itməsi (şüalanma) nəticəsində baş verir. Belə şaxta səhərə yaxın başlayır və 2-4 saat müddətində davam edir. Ensiz, dar dərələrdə bu müddət daha uzun sürür.
Adventiv tipli ayaz. Şimalın soyuq hava kütləsinin daxil olması ilə baş verir və belə şaxta bir neçə gün davam edir. Bir çox hallarda adventiv şaxta güclü küləklərlə də müşayiət olunur.
Qarışıq tipli ayaz. Bu tip şaxta, xaricdən soyuq hava kütləsinin daxil olması və yerlərdə istiliyin şüalanması ilə baş verir. Belə ayaz uzun müddət davam etməsə də, çox təhlükəlidir.
Yaz şaxtaları barədə məlumat meteoroloji stansiyadan, radio və televiziyanın hava haqqında məlumatından, həmçinin sınanılmış yerli əlamətlərdən bilmək olur. Belə ki, günün ikinci yarısında temperaturun birdən-birə aşağı düşməsi (saat 20-də 4-5° temperatur), havanın quraqlığı, axşam şehinin olmaması, sakit, mehsiz və buludsuz gecə ayaz qorxusundan xəbər verir.
Yaz şaxtaları ilə mübarizə iki yolla - qabaqlayıcı (profilaktiki) və cari tədbirlər görülməklə aparıla bilər.
Qabaqlayıcı tədbirlər. Buraya bağ üçün sahənin və həmçinin, cins və sortların düzgün seçilməsi, onların əlverişli şəkildə yerləşdirilməsi, gec çiçəkləyən sortların yaradılması, çiçəkləmənin erkən yaz suvarması, gövdəətrafına qarın toplanması, gövdənin və skelet budaqların əhənglə ağardılması, fizioloji fəal preparatların çilənməsi hesabına ləngidilməsi tədbirləri aiddir.
Ayazdan daha çox ziyan çəkən ərik bitkisinin yay budanması da bu tədbirlərə aiddir. Çiçək tumurcuqlarının differensiasiyası yayın əvvəlində baş verdiyindən, zoğların həmin dövrdə (iyun) uclarının vurulması onun üzərində yeni zoğların əmələ gəlməsinə və differensiasiya prosesinin xeyli ləngiməsinə səbəb olur. Formalaşma prosesini tamamlamamış çiçək tumurcuğu erkən yazda aça bilmir və yaz şaxtalarından sovuşur. Belə tumurcuqların açılması 5-7 gün gec baş verir. Bu budama üsulunu ilk dəfə prof. P.H.Şitt tətbiq etmişdir. Nisbətən ağır zəhmət tələb etdiyindən, bu üsul təsərrüfat şəraitində az tətbiq edilir.
Cari tədbirlər. Bu tədbirlərə tüstüləmə, süni yağışyağdırma və süni küləkləmə aiddir. Tüstü yaratmaq üçün tüstü komalarından (payızdan yığılmış yarpaq, budaq, ot və torpaq qarışığından hazırlanır), A-5 tipli tüstü şaşkilərindən, AQ-UD-2 aerozol aqreqatlarından istifadə edilir.