Hər həlqəli meyvə budaqcığının təpəsində bir qayda olaraq meyvə tumurcuğu olur. Lakin normal qidalanma şəraiti olmadıqda çiçək tumurcuğunun əmələ gəlməsi üçün zəmin olmur. Bu halda budaqcığın təpəsində yenidən yarpaq tumurcuğu formalaşır. Növbəti ildə bu tumurcuq açılaraq yeni həlqəli budaqcıq yaradır və həmin budaqcıq çiçək tumurcuğu ilə nəhayətlənir. Beləliklə həlqəli meyvə budaqcığı bir və ikiillik ola bilər.
Nizə meyvə budaqcığı. Nizə meyvə budaqcığının uzunluğu 5-15 sm, əsasa yaxın hissəsi yoğun, uc hissəsi isə nazik və sivri olur. Bu meyvə budaqcığı nizəyə və ya cidaya oxşadığından ona nizə meyvə budaqcığı adı verilmişdir. Nizə meyvə budaqcığının üzəri hamar, sığallı olub ucunda bir ədəd meyvə tumurcuğu yerləşir və əsas budaqdan 900 bucaq altında ayrılır (Şəkil 1.7).
Uzun meyvə budaqcığı. Normal şəraitdə becərilən ağacda uzun meyvə budaqcığı 15 sm və daha uzun olub azca əyri, üzəri hamar, sığallı, ucunda isə bir ədəd meyvə tumurcuğu yerləşir.