Yayda quraqlıq və isti hava şəraitində köklərin böyüməsi prosesi zəifləyir. Lakin düzgün aqrotexnoloji qulluq (suvarma, yemləmə, torpağın yumşaldılması, ağacların düzgün budanılması) şəraitində köklərin biq qaydada böyüməsini təmin etmək olur.
Yayda ağacların fəal köklərin ömrü 3-4 həftə, qışda isə bir neçə ay olur. Boy köklərinin məhv olması ilə eyni vaxtda yeni kökcüklər əmələ gəlir. beləliklə kök sistemi özünəməxsus əvəzolunma tsiklinə malikdir.
Üfüqi skelet köklərin böyüməsi prosesi skelet budaqların böyüməsi prosesindən daha güclü gedir. Ona görə də çətirin diametri kök sisteminin diametrindən adətən 1,5-2 dəfə az olur.
Meyvə bitkilərinin məhsulverməsini yaxşılaşdırmaq məqsədilə bağlarda köklərin budanılması əməliyyatı icra olunur (Şəkil 5.42).
Budama nəticəsində bitkilərdə boyatma prosesi zəifləyir və çiçək tumurcuqlarının əsasının qoyulması prosesi güclənir. Lakin bu əməliyyat yüksək səriştəli mütəxəssis tərəfindən icra olunmalıdır.
Köklərin budanılması prosesi həm əllə (Şəkil 5.43), həm də müxtəlif mexanizmlərin köməyi ilə aparıla bilər (Şəkil 5.44).
Köklərin əllə budanılması zamanı cərgəboyu ağaclarda 1,5-2,0 m məsafədə 35-45 sm dərinliyində xəndək qazılır. Xəndək yaba ilə qazılır. Açığa çıxmış yoğun köklər budanılır. Nazik köklərdə isə budama aparılmadan onlar ehtiyatla istiqaməti üzrə xəndəyə uzadılır. Çünki nazik köklərin fəal köklər qrupuna daxil olmaqla bitki həyatında mühüm rol oynayır. Torpaqdan su və qida maddələri məhz həmin köklər tərəfindən mənimsənilir. Ona görə də nazik köklər xəndəyə yerləşdirilərək üzəri torpaqla örtülür və dərhal suvarılır. Növbəti illərdə müntəzəm olaraq gövdəətrafı və cərgəarası torpaq yumşaldılır. Klon calaqaltılar üzərində salınan bağlarda torpaq 5-8 sm dərinliyində yumşaldılır və bu zaman köklərin mexaniki zədə almasına yol vermək olmaz.
5.2.6. Məhsulun normalaşdırılması və məhsula qulluq
Məhsula qulluq, vacib texnoloji əməliyyat olub bağda bu vaxta qədər görülən işlərin son və çox məsuliyyətli mərhələsi sayılır.