Çünki qabaqcadan şaxtaların vaxtını və dərəcəsini müəyyənləşdirmək mümkün olmadığından, bitkilərin aldıqları ağır cərrahi əməliyyatdan məhvolma qorxusu meydana çıxa bilər.
Budamanın qaydası. Düzgün aparılmış budama yaranın tezliklə sağalmasına, itirilmiş hissənin vaxtında bərpasına imkan verir. Budama yüksək səviyyədə sazlanmış alətlərlə (bıçaq, qayçı, mişar) aparılmalıdır. Belə olmadıqda toxumaların didilməsi, zədələnməsi baş verir ki, bu da həmin hissənin məhv olmasına və yaxud da zəif böyüməsinə səbəb olur.
Cavan budaqlar və zoğlar bağ qayçısı və ya bağ bıçağı ilə kəsilir. Kəsim sonuncu tumurcuğun üst tərəfindən arxa tərəfinə doğru, maili xətt üzrə aparılır.
Kəsimin aşağısı tumurcuğun arxa tərəfində onun əsası ilə, yuxarısı isə tumurcuğun təpəsi ilə bir üfüqi xətdə yerləşməlidir. Cavan budaq və zoğlar dibdən kəsilərkən xüsusən ehtiyatlı olmaq tələb olunur. Çünki, onların gövdədən ayrılma bucaqları müxtəlif olduğundan, heç də həmişə düzgün kəsim aparmaq mümkün olmur. Kəsim yeri zoğun və ya budağın gövdəyə birləşdiyi yerdə, tumurcuqların açılması zamanı pulcuqların tökülməsindən yaranmış həlqəyə bənzər çıxıntıya görə müəyyənləşdirilir. Kəsimin bundan yuxarı aparılması (kötükcük saxlanması), yatmış və ya əlavə tumurcuqların oyanmasına və çoxlu zoğ əmələ gətirməsinə səbəb ola bilər. Dərin aparılan kəsim isə gövdənin zədələnməsinə və ölü toxumalı oyruq əmələ gəlməsinə səbəb olur (Şəkil 5.39 və Şəkil 5.40).
İntensiv tipli meyvə bağlarında vegetasiya dövründə budama müxtəlif markalı budayıcı maşınların köməyi ilə aparılır (Şəkil 5.41). Vegetasiya dövründə aparılan budamaya yaş budama deyilir.
Köklərin budanılması. İsti bölgələrdə köklərin böyüməsi 8-9 ay, soyuq bölgələrdə isə 6-7 ay davam edir. Əlverişli şəraitdə isə köklərin böyüməsi prosesi ilboyu davam edir. İsti bölgələrdə köklər yerüstü hissədən bir ay tez vegetasiyaya başlayır, yarpaqlar töküldükdən sonra isə böyüməsini tamamlayır.
Vegetasiya ərzində köklər iki boy dalğasına malik olur. Birinci boy dalğası yazda yarpaqların kütləvi əmələ gəlməsi dövründə baş verir. İkinci boy dalğası isə yarpaqlar töküldükdən sonrakı dövrə təsadüf edir.