Herbisidlərdən uzun müddət istifadə etdikdə, onlar torpaqda toplanır. Herbisidlərdən istifadə zamanı, onların əsas bitkilərin kök sisteminə, ştambına, budaqlarına, yarpaqlarına düşməsinə yol vermək olmaz. Çünki onların çox qismi əsas bitkilərə də öldürücü təsir göstərə bilir.
5.2.5. Ağacların budanılması
Qeyd olunduğu kimi məhsuldar meyvə bağlarında əsasən nizamlayıcı və sağlamlaşdırıcı budama növlərindən istifadə olunur.
Nizamlayıcı budama boy və məhsulverməni nizamlamaqla, ağacların məhsulvermə dövrünü uzatmağa yönəldilmiş budama növüdür. Budama zamanı skelet, yarımskelet budaqların və meyvə budaqcıqlarının optimal nisbətinə nail olmağa yönəldilir. Birillik budaqlar gödəldilir, çoxillik meyvə budaqcıqlarının bir qismi isə çiçəkləməni normalaşdırmaq üçün dibindən kəsilib atılır.
Nizamlayıcı budama ilə çətirin optimal həcmi qorunub saxlanır, çətirin daxilinin havalanması və işıqlanması rejimi tənzimlənir.
Sağlamlaşdırıcı budama əsasən ağaclar tam məhsula düşdükdən sonra aparılır. Bu budamada məqsəd, sıxlıq yaradan, maneçilik törədən, xəstə, zədəli, qurumuş budaqları kəsib atmaqla çətir daxilində hava və işıq rejimini nizamlamaqdır.Şaxtadan ciddi zədələnmiş hissələr yazda oyanan tumurcuqlara qədər gödəldilir. Mexaniki təsirlərdən zədələnmiş, xəstə və qurumuş budaqlar isə bu hal müşahidə edilən kimi kəsilib atılmalıdır (Şəkil 5.39 və Şəkil 5.40).
Şəkil 5.39. Meyvə ağacının sanitar budamadan
əvvəlki vəziyyəti
Şəkil 5.40. Meyvə ağacının sanitar budamadan
sonrakı vəziyyəti
Budamanın vaxtı. Budama payızda yarpaqlar təbii halda töküldükdən sonra və yaxud erkən yazda aparıla bilər. Bu cür budamaya quru budama deyilir.
Dağlıq və dağətəyi rayonlarda meyvə bitkilərinin quru budanmasının ən münasib vaxtı erkən yaz sayılır.