5.2.4. Alaqlarla mübarizə
Tumlu meyvə bağlarında alaqlarla mübarizədə uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma və «döyənək» əmələ gəlir. Bu isə kök sisteminin inkişafını məhdudlaşdırır, mikrorqanizmlərin fəaliyyətini zəiflədir.
Bu səbəbdən alaqlarla mübarizədə kimyəvi vasitələrdən - herbisidlərdən istifadə edilməsi torpağın becərilməsinə çəkilən xərci azaldır, kök sisteminin, gövdə və budaqların mexaniki zədələnməsi, torpağın yuyulması ehtimalını aradan qaldırır. Herbisidlər bitkilərə təsir mexanizminə görə kontakt və sistem xarakterli olurlar.
Kontakt xarakterli herbisidlər bitkinin hər hansı bir hissəsinə düşdüyü sahəni zədələyir, başqa orqanlara isə təsir etmir. Sistem xarakterli herbisidlər isə bitkinin toxumalarına daxil olaraq onun bütün hissələrini zədələyir.
Herbisidlər həm bitkilərə çilənir, həm də torpağa verilir (Şəkil 5.38). Torpağa verildikdə herbisidlər köklər vasitəsilə sorularaq, yerüstü hissəyə çiləndikdə isə toxumalar tərəfindən udularaq təsir göstərir.
Meyvə bağlarında torpağa verilən sistem xarakterli herbisidlər daha səmərəlidir. Çünki onlar meyvə bitkilərinə təsir etmədən, alaq otları cücərən ərəfədə onları məhv edir. Bu qrupa simazin, atrazin, propazin və prometrin daxildir.
Bu herbisidlər suda həll olunduqdan sonra alaq otları cücərənə qədər torpağa çilənir. Hər hektara, tumlu meyvə bitkiləri üçün 3-10 kq təsiredici maddə hesabı ilə herbisid verilir. Torpağın mexaniki tərkibindən asılı olaraq yüngül mexaniki tərkibli torpaqlarda norma az, ağır torpaqlarda isə çox götürülür. Çoxillik alaq otlarını məhv etmək üçün təsiredici maddə hesabilə 10-25 kq/ha dalapon və ya natrium trixloratsetat çilənir.
Kontakt tipli herbisidlərdən daha səmərəlisi reqlon sayılır. Nisbətən az doza ilə (hektara 2-3 kq) tətbiq olunan bu herbisid, torpaqda 1-1,5 ay müddətində öz təsir gücünü saxlayır.
Alma bağında hər hektara təsiredici maddə hesabilə karaqard preparatı ilə çiləmə çoxillik alaq otlarını-çayır, ayrıqotu, şeytan qanqalı, ot sarmaşıq, qaratərə və xaççiçəkli alaq otlarını məhv edə bilir.
Herbisidlərin təsiri torpağın tipindən, onun rütubətlənmə və temperatur şəraitindən, fiziki xüsusiyyətlərindən, həmçinin alaqların yaşından, növ tərkibindən və d. amillərdən asılı olaraq müxtəlif olur.