Adi superfosfatda olduğu kimi bu gübrə də torpaqda turşuluğu artırır, asanlıqla zəif həll olan formaya keçir. Lakin adi superfosfata nisbətən daha çox təsiredici maddəyə malik olduğundan, təsərrüfat üçün iqtisadi cəhətdən sərfəli sayılır.
Kaliumlu gübrələr. Azərbaycan torpaqlarında kaliumun miqdarı kifayət qədər olmasına baxmayaraq, onun mənimsənilən formada olmaması bu gübrəyə olan ehtiyacı xeyli artırır.
Kalium gübrələrindən meyvə bitkiləri üçün daha geniş istifadə edilənləri kalium-sulfat, kalium-xlorid və kalium duzudur.
Kalium sulfat. Tərkibində 48-50 % kalium oksidi olur. Suda yaxşı həll olur. Hiqroskopik deyil. Torpaqda mübadilə olunan formaya asanlıqla keçir. Bütün torpaqlar üçün yararlıdır. Torpaqları bir qədər turşulaşdıra bilir. Turş torpaqlarda əhəngləmə ilə birgə aparılmalıdır.
Kalium xlorid. Tərkibində 53,6-62,5 % kalium olan bu gübrə suda yaxşı həll olur. Zəif hiqroskopikdir. Tərkibində olan xlor, bəzən bitkilərə mənfi təsir göstərə bilir. Ona görə də bu gübrə payızdan şum altına verilir ki, vegetasiya dövrünə qədər xlorun müəyyən hissəsi yuyulub aşağı torpaq qatlarına keçə bilsin. Torpağın turşuluğunu artırdığından, turş torpaqlarda əhəngləmə ilə birgə tətbiq edilməlidir.
Kalium duzu. Tərkibində 41-44 % kalium vardır. Hiqroskopikliyi zəifdir. Torpağı turşulaşdırmaq xüsusiyyətinə malikdir. Asan mübadilə olunur. Turş torpaqlarda əhənglə birgə verilir.
Kompleks gübrələr. Tərkibində 2-3 ədəd qida elementi olan gübrələrdir. Belə gübrələr ikiqat (ammofos, diamofos, kalium-nitrat) və üçqat (nitrofoska, karboammofoska) qarışıqdan ibarət olur.
Ammofos. Toz və dənəvərləşmiş halında olan belə gübrənin tərkibində 10-13 % azot, 43-53 % mənimsənilən fosfor (o cümlədən 37-48 % suda həll olan fosfor) olur. Cəmi elementlərin miqdarı 53-66 % təşkil edir. Həm payızdan şum altına və həm də yemləmə şəklində vegetasiya dövründə verilə bilər.
Diammofos. Tərkibində qida elementləri 64 % olan bu mürəkkəb gübrədə azot 18 %, mənimsənilən fosfor 46 % təşkil edir.
Kalium-nitrat (kalium şorası). Tərkibində 13,8 % azot, 46,5 % kalium oksidi vardır. Təbii halda quru iqlim şəraitinə malik şoran torpaqlarda rast olunur. Bu gübrə həm əsas şum altına, həm də yemləmə şəklində verilə bilər.
Nitrofoska. Tərkibində ümumi təsiredici qida maddələrinin miqdarı 48...54% olur. Bu mürəkkəb gübrə A və B markası ilə buraxılır. A markalı gübrələrdə qida elementləri eyni nisbətdə (azot 16-18 %, fosfor 16-18 %, kalium 16-18 %) olur. B markalı gübrədə isə bu nisbətən fosfor və kaliumun üstünlüyü ilə 1:1, 5:1,5 nisbətində (azot 12-14 %, fosfor və kalium isə ayrılıqda 18-20 %) olur.
Karboammofoska. Tərkibində qida elementləri 48-54 % olan bu gübrə eyni miqdarda (16-18 %) azot, fosfor və kaliumdan ibarətdir.