Armud ağaclarının yazda aparılan üç yemləməsi azot tərkibli olur. İlk yemləmə çətirin güclü böyüməsini təmin edir. İkinci yemləmə çiçəklərin sayını stimullaşdırır ki, bu da gələcək məhsula müsbət təsir göstərir. Üçüncü yemləmə isə mayalanmış çiçəklərin tökülməsinin qarşısını almaqla meyvələrin keyfiyyətli olmasını təmin edir.
Azotla birgə fosfor və kalium tərkibli tuk gübrəsi də verilə bilər. Bu gübrələrin minerallaşması üçün uzun vaxt tələb olunur. Onlar vegetasiyanın ortalarında mənimsənilən formaya çevrilir ki, həmin vaxtda da armud ağaclarının bu elementlərə tələbatı yüksək olur. Gübrə verilən zaman gövdəətrafı torpaq yumşaq və rütubətli olmalıdır.
Bütün yaz gübrələri eyni tərkiblə verilə bilər (bir ağac üçün):
Onu da qeyd edək ki, yazda çiçəkləmədən dərhal sonra aparılan yemləmə zamanı “Nitrofosk” kompleks gübrəsindən də istifadə edilə bilər (Şəkil 5.37). Bu məqsədlə hər m2-ə 50q/10 l hesabı ilə gübrə verilir.
Meyvələrə formalaşan dövrdə armud ağaclarının fosfor və kalium gübrələrinə tələbatı artır. Məhz bu iki element meyvələrin əmtəəlik və dad keyfiyyətinə birbaşa təsir edir.
Forfos meyvələrin tərkibində şəkərin miqdarını yüksəldir və meyvələrin deformasiyaya uğramasının qarşısını alır. Kalium meyvələrin uzunmüddətli saxlanılmasını təmin edir. Tez və orta müddətdə yetişən sortlar əsasən iyun-iyul aylarında gübrələnir. Gecyetişən sortlara isə bir qədər gec, təxminən 20 gün sonra gübrə verilir.
Armud ağaclarının yay yemləməsi adətən kökdənkənar, yəni yarpaqlar vasitəsilə aparılır. Çünki yarpaqla yemləmə daha tez səmərə verir.
Armud ağacları mikroelementlərdən maqneziumun çatışmazlığına daha həssasdır. Ona görə də yazda və yayda maqnezium çatışmazlığının qarşısını almaq məqsədilə 10 l suya 200 q maqnezium sulfat qarışdırılaraq yarpaqlarla qidalandırma aparılır.
Heyva. Yazda məhsuldar heyva ağaclarının gövdəətrafına azot gübrəsi səpilir. Çiçəkləmədən sonra gövdəətrafı torpaq 10 l suya 200-300 q kalium-fosfor hesabı ilə alınan məhlulla suvarılır. Avqustda isə hər m2-ə 30-40 q kalium-fosfor hesabı ilə yemləmə aparılır. Eyni zamanda hər il yazda və payızda gövdəətrafı torpaq 5 sm qalınlığında olmaqla torf və ya kompostla mulçalanır.
Mineral gübrələr. Mineral gübrələr qeyri-üzvi mənşəli birləşmələrdir. Mineral gübrələr sadə və mürəkkəb (kompleks) tipli olur. Sadə gübrələr yalnız bir əsas qida elementini, kompleks gübrələr isə iki və daha çox qida elementini özündə birləşdirir.