Tumurcuqların çox qismi uzun müddət yatmış halda qalır ki, bu da tumlu meyvə bitkilərinin cavanlaşdırılmasına və uzun müddət yaşamalarına imkan yaradır. Lakin müasir bağlarda istifadə olunan tumlu meyvə bitki sortlarında tumurcuqlar yüksək oyanma qabiliyyətinə malikdir. Bu baxımdan zəif, orta və yüksək oyanma qabiliyyəti olan bitkilər ayrılır (Şəkil 1.5).
Zoğ əmələgətirmə qabiliyyəti. Keçən il formalaşmış tumurcuğun bu ilin yazında açılaraq boy zoğu (25 sm-dən uzun) verməsi qabiliyyətinə deyilir. Belə bitkilər bir qayda olaraq uca boylu olur. Tumurcuqların oyanma qabiliyyəti ilə onun zoğ əmələgətirmə qabiliyyəti bitkinin sonrakı inkişafına böyük təsir göstərir (Cədvəl 1.1).
Dərəcəsi | Tumurcuqların oyanması, % |
Zoğ əmələgətirmə, % |
Zəif | 20-30 | 5-10 |
Orta | 30-50 | 15 |
Yüksək | 50-70 | 25 |
Çox yüksək | 70-dən çox | 25-dən çox |
Cədvəl 1.1. Tumurcuqların oyanması və zoğ
əmələgətirmə qabiliyyəti
1. Zəif oyanma və zəif zoğ əmələgətirmə;
2. Yüksək oyanma və zəif zoğ əmələgətirmə;
3. Yüksək oyanma və orta zoğ əmələgətirmə;
4. Yüksək oyanma və yüksək zoğ əmələgətirmə.
Tumurcuqların oyanması qabiliyyəti zəif, zoğ əmələgətirmə qabiliyyəti yüksək olan bitkilər məhsula gec düşür, uzun ömürlü olur. Tumurcuqların oyanması qabiliyyəti yüksək, zoğ əmələgətirmə qabiliyyəti zəif olan bitkilər isə məhsula tez düşür, ömürləri nisbətən gödək olur.
Zoğ bərpaetmə qabiliyyəti. Yatmış tumurcuqların öz həyat fəaliyyətlərini uzun müddət qoruyub saxlayaraq, şərait olduqda onu büruzə verməsi qabiliyyətinə zoğ bərpaetmə qabiliyyəti deyilir. Zoğ bərpaetmə xüsusiyyəti bitkinin uzun ömürlü olmasını təmin edir.
Meyvə budaqcıqlarının tipləri. Budaq uzun, yoğun, uzun ömürlü olduğu halda budaqcıq gödək, nazik və qısa ömürlü olur. Budaqcıqların üzərində meyvə tumurcuqları yerləşdiyindən onlara meyvə budaqcığı deyilir. Məhsul verməyə yeni başlamış bitkidə meyvə budaqcıqları çətirin mərkəzində yerləşir. Çətir böyüdükcə gövdədə əmələ gəlmiş budaqcıqları kölgələndirir və onlar tədricən quruyub məhv olur. Buna görə də çətirin üçüncü-dördüncü sıra budaqlarının işıqla təmin olunmuş hissələrində yeni meyvə budaqcıqları əmələ gəlir.
Tumlu meyvə bitkilərində meyvə budaqcıqları üç tipdə olur: həlqəli, nizə və uzun.
Həlqəli meyvə budaqcığı. Həlqəli meyvə budaqcığı yarpaq tumurcuğundan əmələ gəlir. Yarpaq tumurcuğu yazda açılaraq 5 sm-dək uzunluğunda zoğ əmələ gətirir. Belə zoğun üzərində 4-9 ədəd yarpaq olur. Payızda yarpaqlar töküldükdən sonra budaqcığın üzərində yarpaq saplağının izi həlqə əmələ gətirir. Buna görə də belə budaqcığa həlqəli meyvə budaqcığı deyilir (Şəkil 1.6).