Erkən yazda diskili bağ malaları ilə 10-15 sm dərinlikdə torpağın becərilməsi onun su və hava rejimini yaxşılaşdırır, alaqları məhv edir. Sonrakı dövrlərdə hər suvarmadan 5-6 gün sonra qaysağın dağıdılması və alaqların məhv edilməsi üçün müxtəlif markalı bağ kultivatorundan istifadə edilir. Gövdəətrafı torpağın yumşaldılması müxtəlif markalı markalı frezerlərlə aparılır (Şəkil 5.34).
5.2.2. Ağacların suvarılması
Tumlu meyvə bitkiləri yüksək məhsul istehsalı üçün çoxlu miqdarda su sərf edir. Vahid kütlədə meyvənin formalaşması üçün torpaq və bitki tərəfindən sərf olunan suyun miqdarı su istehlak əmsalı adlanır. 1 sentner məhsul istehsalı üçün vegetasiya dövründə orta hesabla 30-40 t su sərf olunur.
Bunu nəzərə alaraq tumlu meyvə bitkiləri vegetasiya dövründə, xüsusilə də yarpaqların tam formalaşdığı, meyvələrin böyüməsi və formalaşdığı, həmçinin çiçək tumurcuqlarının əsasının qoyulduğu fazalarda su ilə təmin olunmalıdır.
Suvarmada başlıca məqsəd torpaqda meyvə bitkiləri üçün optimal rütubətlənmə rejimini qoruyub saxlamaqdır. Bu göstərici tarla rütubət tutumunun (TST) 70-80 % -i qədər olur. TST-ın kök zonasında aşağı həddi ağır qranulometrik tərkibli torpaqlarda 75-80 %, orta mexaniki tərkibli torpaqlarda 70-75 %, yüngül torpaqlarda 60-65 % olur.
Suvarma norması. Sahə vahidinin suvarılması üçün ayrılmış suyun miqdarına suvarma norması deyilir. Suvarma norması (m3/ha) aşağıdakı düsturla hesablanır:
M=100HV(B1- B2)
burada:
H - islanmış torpaq qatı, m;
V - torpağın həcmi kütləsi, q/sm3 ;
B1- torpağın mütləq quru çəkisinə nisbətən tarla su tutumunun yuxarı həddi, %;
B2- torpağın suvarmaqabağı rütubətlənmə dərəcəsi, %;
Suyun filtirasiyası nəzərə alınaraq suvarma normasına 15-20 % əlavə olunur.
Hər dəfə suvarma aparılarkən orta hesabla hektara qumsal torpaqlarda 400-500 m3, yüngül gillicəli torpaqlarda 600-700 m3, gillicəli torpaqlarda 800-900 m3, ağır qranulomet-rik tərkibli torpaqlarda 900-1000 m3 su sərf olunur.