Bu sistemdə torpağın su, hava və temperatur rejimi yaxşılaşır, köklərin rəqabətdən azad olması isə onların daha geniş sahə tutmalarına imkan yaradır. Qara herik altında, çoxillik ot bitkiləri sistemi ilə müqayisədə, suya 30-40 % qənaət olunur. Ağacların boyu və meyvələrin kütləsi artır. Lakin uzun müddətli qara herik torpağın strukturunun pozulmasına, onun yuyulmasına, humusun azalmasına, mikroorqanizmlərin həyat fəaliyyətinin zəifləməsinə səbəb olur. Xüsusən maşın və mexanizmlərin hərəkəti, şumun alt qatında su keçirməyən «döyənək» qatın əmələ gəlməsinə səbəb olur ki, bu da köklərin inkişafını məhdudlaşdırır. Ona görə də qara herik sistemi, bağlarda 3-4 ildən artıq dövr üçün məsləhət görülmür.
Çəmən sistemi. Sahə başdan-başa çoxillik ot bitkiləri altında saxlanılır, ot biçilərək sahədən çıxarılır. Yalnız gövdəətrafı bellənir və şum altında saxlanır.
Çəmən sistemi təbii və süni tipli ola bilər (Şəkil 5.27 və Şəkil 5.28). Təbii çəmən sistemində sahə təbii əmələ gəlmiş otlar altında saxlanır. Süni tipli çəmən sistemdə isə sahəyə müxtəlif otlar (rayqras, topal, qara yonca, üçyarpaq yonca, xaşa və s.) səpilir.
Çəmən altında saxlanan torpaqda mikroorqanizmlərin fəaliyyəti güclənir, üzvi birləşmələrin kütləsi çoxalır, torpağın qızmasının və yuyulmasının qarşısı alınır, qrunt sularının səviyyəsi aşağı düşür, meyvələrin keyfiyyəti yaxşılaşır, onların saxlanması müddəti uzanır.
Lakin çoxillik otlar əsas bitkilərin suyuna və qidasına şərik çıxdığından bu sistem, yalnız kifayət qədər su və qida ilə təmin olunan şəraitdə yaxşı nəticə verir. Dağlıq və dağətəyi rayonlar üçün bu sistem daha əlverişlidir.
Herik-sideral sistemi. Vegetasiyanın birinci yarısında, əsas bitkiləri rəqabətdən azad etmək üçün sahə qara herik altında saxlanılır, yayın sonunda isə normal suvarma fonunda sahəyə qısa vegetasiya dövrünə malik olan müxtəlif otlar (xardal, noxud, faseliya, çöl noxudu ilə payızlıq covdar) səpilir.