Torpağın becərilməsi rütubətin toplanmasına, onun qorunmasına, alaqlarla mübarizəyə, torpağın mikroflorasının yaxşılaşdırılmasına, xəstəlik və zərərvericilərin məhv edilməsinə yönəldilmiş texnoloji qulluqdan ibarətdir.
Ağaclara qulluq isə onların gübələnməsi, suvarılması, budanılması, məhsulun normalaşdırılması və s. məsələləri nəzərdə tutur.
5.2.1. Bağda torpağın saxlanılması sistemi və becərilməsi texnologiyası
Tumlu meyvə bitkiləri məhsula düşdükdən sonra cərgəaralarından istifadə tamam dayandırılır və cərgəaraları əsas bitkilərin normal inkişafını təmin edə biləcək sistemlərdən biri altında saxlanılır.
Bu sistemlərin hər hansı birinin tətbiqi cinsin bioloji xüsusiyyətindən, təbii şəraitdən, təsərrüfatın iqtisadi və təşkilatı səviyyəsindən asılı olaraq tətbiq edilə bilər. Məhsuldar bağda torpağın müxtəlif saxlanılması sistemləri Sxem 5.4-də verilir.
Qara herik sistemi. Torpağın alaqlardan təmiz, yumşaq şum altında saxlanılmasını nəzərdə tutan becərmə sistemidir (Şəkil 5.26).