Adi və yaxşılaşdırılmış kasavari çətir. Formanın yaradılması üçün birillik tingdə 50-60 sm hündürlüyündə ştamb saxlanılır, ştamb üzərindəki bütün zoğları dibindən kəsilib atılır. Ştambdan yuxarıda çətir yaratmaq üçün bir-birinə yaxında yerləşən 3-4 ədəd sağlam zoğ seçilir, şah budaq axırıncı zoğdan azca yuxarıda dibindən kəsilir. Şah budaq olmadığından çətirin ortası boş qalaraq kasaya oxşar şəkil alır. Ona görə belə çətrə kasavari çətir adı verilmişdir. Bu üsulun çatışmayan cəhəti, skelet budaqlar ardıcıl tumurcuqlardan yarandığından, məhsulun ağırlığından onların dibindən qırılaraq gövdədən asanlıqla qopmasıdır.
Bu üsulun təkmilləşdirilmiş formasına yaxşılaşdırılmış kasavari çətir forması deyilir. Belə çətirin yaradılması üçün birillik tingdə yayda 50-60 sm hündürlüyündə ştamb saxlanır. Çətir yaratmaq üçün ştambdan yuxarıda 3-4 ədəd gümrah, uzun, bir-birindən 15-20 sm aralı və 70-90° bucaq altında yerləşən zoğlar seçilir, üçüncü və ya dördüncü zoğdan sonra şah budaq kəsilib atılır. Çətirin ortası boş olduğundan oraya Günəş şüası daha çox düşür, zoğlar isə gövdəyə möhkəm bitişir. Ştamb üzərində və çətir daxilində əmələ gəlmiş əlavə zoğlar dibindən qoparılır (Şəkil 5.23).
Kol formalı çətir. Belə formanın yaradılması üçün 4-5 ədəd sağlam gövdə seçilir, şahbudaq gövdələrlə əhatə olunduğundan o, tədricən aradan çıxır, ştamb demək olar ki, olmur və bitki kol forması alır (Şəkil 5.24).
Yaxşılaşdırılmış kol. Tingdə 40-50 sm hündürlüyündə ştamb və bu ölçüdən yuxarıda 3-5 ədəd bir-birindən 10-15 sm məsafədə yerləşən zoğ seçilib saxlanılır. Belə zoğlar böyüyərək sərbəst gövdə yaradır (Şəkil 5.25).
5.2. Məhsuldar bağa qulluq texnologiyası
Məhsuldar bağda qulluq iki istiqamətdə aparılır: torpağa qulluq və ağaclara qulluq.