İkinci sıra əmələ gəlmiş zoğlar isə bir yarpağa kəsilir (Şəkil 5.14 və Şəkil 5.15).
Üçüncü ilin yazında şah budaq əvvəlki kəsim yerindən 25 sm hündürlükdə kəsilir. Bu zaman kəsim əvvəlki budama zamanı saxlanılan sonuncu tumurcuğa əks tərəfdə yerləşən tumurcuğun arxa hissəsindən aparılır. Yan budaqlar əvvəlki kəsim yerindən 20 sm uzunluğunda kəsilir. Kəsim aşağı baxan tumurcuğa aparılır (Şəkil 5.16 və Şəkil 5.17). Yay budaması zamanı yenə də şah budaq kəsilmir. Həmin il əmələ gəlmiş yan zoğlar isə 7...10 sm uzunluğunda, yaxud 3 yarpağa kəsilir. Onlardan əmələ gələn hissələr isə bir yarpağa kəsilir.
Hər il eyni qayda ilə tam forma alınana qədər budama aparılır. Bütün güclü böyüyən zoğlar kəsilir. Ağaclar 2 m hündürlüyə çatdıqda yay budaması zamanı şah budaq birillik boy artımına qədər gödəldilərək onun böyüməsi dəf edilir.